Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1422/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, X1 nümayəndəsi X4 Qərarından şikayət verilən orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. X8 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X9 tərəfindən şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ******* nömrəli 30 may 2024-cü il tarixli protokol üzrə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar əsasında "xxxx" ASC-nin vəzifəli şəxsi qismində X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, tərtib edilmiş ******* nömrəli xx.xx.2024-cü il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən edildi: vətəndaş X16 əmək müqaviləsi bağlamadan işlədilməsinə görə qanun pozuntusuna yol verilmişdir. Belə ki, "xxxx" ASC Şuşa şəhərində aparılan layihə üzrə tikintiişlərinin icra edilməsi üçün İzomax ASC ilə İZM-2022-003 nömrəli 01 fevral 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə göstərilmişdir ki, "İcraçı" qanunla müəyyən edilmiş qaydada görüləcək işlərin icrasına işçilər, mütəxəssislər, ixtisaslaşdırılmış təşkilatlar və digər subpodratçılar (bundan sonra "iş icraçıları" adlandırılacaqdır) cəlb edə bilər (bənd 1.3). Akt əsasında "İcraçı" görülmüş işləri təhvil verir, Sifarişçi isə təhvil alır. İcraçı tərəfindən işə cəlb edilmiş işçilər, mütəxəssis, ixtisaslaşdırılmış təşkilatlar və digər subpodratçıların yerinə yetirdikləri işin keyfiyyətinə görə "İcraçı" cavabdehlik daşıyır (Bənd 1.4). Daha sonra "xxxx" ASC ilə podratçı adlanacaq fiziki şəxs X11 ilə 1252 nömrəli xx.xx.2023-cü il tarixdə Podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilədə göstərilmişdir ki, Podratçı bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası üçün öz hesabına işçilər və/və ya subpodratçılar cəlb edə bilər (Bənd 4.1). Podratçı, cəlb etdiyi işçiləri və/və ya subpodratçıları bu Müqavilənin tələbləri ilə tanış olmasını, onlar tərəfindən bu Müqavilənin şərtlərinə riayət olunmasını riayət etməlidir (Bənd 4.2). "xxxx" ASC tərəfindən verilən məlumata görə X16 podratçı X11 tərəfindən cəlb edilmiş və buna görə haqqın ödənilməsini öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin təqdim etdiyi siyahı üzrə usta və fəhlə heyyətinin "Yolumuz Qarabağa" portalında icazənin alınması layihə sahibi olaraq tərəfimizdən icra edilmişdir. İş materiallarından da görünür ki, X16, X6 şikayətçi olmuşdur. İdarə ASC-yə məlumat vermədən, eyni zamanda qanunda nəzərdə tutulmuş qaydada iştirakılarını təmin etmədən protokol tərtib edərək və yenidən ASC-yə məlumat vermədən həmin protokol üzrə qərar qəbul edərək "xxxx" ASC-nin vəzifəli şəxsi qismində İbrahim Dostumalıyev AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı 4000 manat cərimə etmişdir. Göründüyü kimi "xxxx" ASC-nin X16 ilə heç bir münasibəti olmamış ümumiyyətlə onu tanımamışdır. Lakin, İdarə göstərilən xüsusatları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qərar çıxarmışdır. Bundan başqa İdarə AR İXM-nin 38.1-ci maddəsinin tələblərinə də, əməl etməmişdir. Beləki, həmin maddədə göstərilmişdir ki, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Qərarın ASC-yə təqdim edilən surətindən görünür ki, X16 tərəfindən X11 barəsində İdarəyə xx.xx.2023-cü il və yaxud xx.xx.2023-cü il tarixdə şikayət etmiş, İdarə isə müəyyən edilmiş müddəti ötürərək 8 (səkkiz) aydan sonra xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Hesab edir ki, qeyd etdiyi dəlillər araşdırılmadığı üçün eyni zamanda müddət ötürüldüyünə görə İdarənin qəbul etdiyi qərar qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4cü maddəsinə əsasən səlahiyyətli orqan tərəfindən göndərilmiş bildiriş "xxxx" ASC-yə deyil "xxxx" ASC-yə ünvanlanmışdır. Bu da öz növbəsində səlahiyyətli orqan tərəfindən yol verilmiş nöqsan kimi qiymətləndirilir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti nümayəndəsi Elçin Əliyev inzibati tənbeh vermə haqqında qərarı müdafiə etmiş və əlavə olaraq bildirdi ki, "xxxx" ASC və "xxxx" ASC-nin eyni hüquqi ünvanda yerləşməsi ilə yanaşı direktorları da eyni şəxs, yəni X3r. Səlahiyyətli orqan tərəfindən başlanılmış iş üzrə icraatdan şəxsin xəbəri olmuşdur. Həmçinin nəzərə çatdırmaq istəyir ki, X13 iş icazəsi Kristal Bakı ASC tərəfindən alınmış,şəxs hər hansə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Odur ki, barəsində şikayət verilən inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən İbrahim Dostumalıyevin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Belə ki, İbrahim Dostumalıyevə inzibati icraat barədə məlumat verilməmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən İbrahim Dostumalıyevin barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı İbrahim Dostumalıyevin hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X2 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Məhkəmə iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1422/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1422/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver