Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1425/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsi DYP-dən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.5-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 12 avqust 2022-ci il tarixdə, saat 01:00 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xarici işıq cihazları nasaz vəziyyətdə hərəkətdə olan zaman saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-cü maddələri ilə inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi DYP tərəfindən 13 avqust 2022-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan 10089 saylı, xx.xx.2022-ci il tarixli alkotestr müayinəsindən görünür ki, Şəxs 0,3303 % sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilmədi və məhkəmədə bildirdi ki, o, sərxoş vəziyyətdə olmamış, alkotesterin nəticəsi ilə razılaşmamışdır, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs spirtli içki qəbul etməsi bu faktın müəyyən edilməsi üçün sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş, həmin tarixdə saat 00.34-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0,3303% olmuşdur. Şəxs həmin göstərici ilə razılaşaraq, protokolu imzası ilə təsdiq etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi zamanı Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə ısasın sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, müayinə zamanı onda alkoqolun miqdarının 0,3303 %, yəni 0,3 promildən azca artıq olması Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsinin tərkibini istisna edir. həm də protokolda Şəxs həkim müayinəsinə getməkdən imtina etməsi barədə heç bir qeyd müəyyən olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 342.5-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır.İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən 333.1-ci maddə ilə inzibati xəta haqqında işi üzrə icraata xitam verilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5 -ci maddəsində nəzərdə tutulmuş xətaya görə inzibati tənbeh tədbirinin tətbiq olunması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş xətaya görə inzibati tənbeh tədbirinin tətbiq olunması üçün Abşeron rayon Polis İdarəsinə göndərilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1425/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1425/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver