Məhkəmə qərarları › İş №3(012)-1427/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1427/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1427/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (+994 55) 528-29-31 Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 5 manat müqabilində, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, yəni ümumi çəkisi 0,082 qram olan bir büküm psixotrop maddə metamfetamini əldə edərək şəxsi istfadəsi üçün üzərində gəzdirməklə daşımışdır. Bununla da Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 20 sentyabr 2021-ci il tarixdə, saat 19:50 radələrində Saray qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Bundan sonra onlar birlikdə PB-nin inzibati binasına gəlmiş, orada ona hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sual verilmiş, o isə əynində olan qara rəngli idman şalvarının sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı, bir ədəd siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə olan kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. O, sözügedən narkotik vasitəni 20 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamaqla daşımışdır. Sonda o, törətdiyi əməldən peşman olduğunu, himayəsində 3 azyaşlı övladının olmasını və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli, ******* saylı inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə, saat 04:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 6/4171 saylı tədqiqat rəyindən görünür ki tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” möhür əksi, “...Şəxs...”və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,082 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,082 qram, tədqiqata sərf olunan miqdar 0,04 qram, qalıq 0,042 qram təşkil edir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 22 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə protokolu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin Saray PB-nə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” siyahısının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs 22 sentyabr 2021-ci il tarixdə inzibati qaydada tutulmuş və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. İş üzrə maddi sübut kimi olan, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,042 qram olan psixotrop vasitə olan metamfetamin qərar qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar