Məhkəmə qərarları › İş №3(012)-1430/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1430/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1430/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs və böyük icra məmuru Taleh Mustafayevin iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə-27, ev 07, mənzil 21-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra Şöbəsinin icra məmuru Mübariz Rüstəmov icra sənədi üzrə borclu Şəxs barəsində ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli protokol tərtib etmiş və bu protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş 2(004)- 3585/2017 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs birgə nikahdan doğulmuş Yusif adlı uşağın saxlanması üçün hər ay 154 manat aliment ödəməli olduğu halda icra vərəqəsinin verilməsindən xeyli müddət keçməsinə baxmayaraq 1848 manat borcu ödəməmişdir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə əmlakları Zərərçəkmiş şəxs verməmiş, bununla da icra məmurunun qanuni göstərişlərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayevprotokolu müdafiə edərək bildirdi ki, borclu Şəxs icra sənədində əsasən 924 manat aliment borcunu ödəmiş, lakin1848 manat borcun ödənilməsini təmin etməmişdir. Həmçinin digər icra sənədləri üzrə əmlakları qaytarmamış, bu barədə icra məmurunun tələbini icra etməmiş, həmin icra sənədlərindən şikayət verdiyini bildirmişdir. Borclu icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru,borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Borclu Şəxs bildirdi ki, borcu ödəməkdən yayınmır, hazırda yeni işə düzəlmiş və borcunu tez bir vaxtda ödəyəcəyinə söz verir. Əvvəlki məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Yasamal Rayon Məhkəməsininxx.xx.2018-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanılması üçün borclu Şəxs hər ay 154 manat pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, borclu Şəxs bugünədək cəmi 924 manat pul ödəmişdir. Lakin iş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1649/2019 saylı qərarına əsasən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-i maddəsi ilə başlanmış inzibati icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-164/2020 saylı qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 3(012)-1649/2020 saylı, xx.xx.2019-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin 2(012)-1378/2020 saylı qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(012)-3585/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı Şəxs və cavabdeh Zərərçəkmiş şəxs ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(012)-1378/2020 saylı qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş 2(004)-3585/2017 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay Zərərçəkmiş şəxs 154 manat aliment ödəməlidir. Bu icra sənədi üzrə işdə olan sənədlərə əsasən onun hazırda 1448 manat aliment borcu olduğu müəyyənləşir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ‘İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə borcunu tam və vaxtında ödəməkdən qərəzli şəkildə imtina edir, borclu hətta məhkəməyə də gəlməkdən açıq şəkildə imtina etmiş, məhkəmənin qərarı əsasında məcburi qaydada gətirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cumaddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş)manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar