Məhkəmə qərarları › İş №3(012)-1441/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1441/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1441/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02.09.2021-ci il tarixli, 00100-1706/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan 02.09.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasına Danimarkadan fəaliyyəti göstərən “ESS-FOOD A/S” şirkətindən ********** nömrəli 09.07.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə EMCU ******* nömrəli konteynerdə göndərilmiş, RM833MR/BS468S nömrə nişanlı avtomobildə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş ümumi gömrük dəyəri 33787,50 manat təşkil edən 19 yerdən ibarət 26500 kq çəkidə dondurulmuş hindquşu farsını 13 avqust 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4350 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan etmiş, mallar boşaltma yeri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq masivində Cəmiyyətin istifadəsində olan xüsusi soyuducu ilə təchiz olunmuş anbara şərti buraxılmış, 14 avqust 2021-ci il tarixdə 24/24/021583 nömrəli öhdəlikdə malların anbardan buraxılmasına, satışına icazə verməyəcəyinə, rüsüm dərəcələri dəyişdiyi zaman yaranan fərqi tam ödəməyi öhdəliyinə götürmüş, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən bəyannamədə göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük prosedura altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdeh olduğu halda, həmin maddənin tələblərini pozaraq, hindquşu farsının 5397,07 manat təçkil edən 3 yerdən ibarət 4233 kq hissəsi ilə qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla onlar üzərində sərəncam verməklə qanunsuz əməliyyatlar aparılmış, 02 sentyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinin əməkdaşları tərəfindən baş vermiş hadisə aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqar idarəsinin əməliyyat şöbəsinin rəis müavini, g/x kapitanı X1, həmin şöbənin baş əməliyyat müvəkkili g/x polkovniki X2, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən Şəxs MMC-yə məxsus olan anbarda, Şəxs MMC-nin nümayəndəsi X7 oğlu, həmin şikətdə işləyən X4 iştirakı ilə gömrük yoxlaması və baxış keçirilərkən, **********4350 gömrük bəyannaməsi ilə bəyan edilən 19 yerdən ibarət 26500 kq çəkidə dondurulmuş hindquşu farsı yükünün hər biri 1411 kq çəkidə olan 3 yerdən ibarət, yəni 4233 kq çəkidə dondurulmuş hind quşu farsının yerində olmadığı digərlərinin isə toxunulmadığı müəyyən edilmiş, Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 5397 (beş min üç yüz doxsan yeddi) manat 07 (yeddi) qəpik valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nizami Rayon üzrə icra idarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar