Məhkəmə qərarları › İş №3(012)-1441/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1441/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1441/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə tənbeh edilərək 150 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 01 iyul 2022-cı il tarixdə Bakı şəhəri, Rüstəm Rüstəmov küçəsi 29-da ona məxsus KİA RİO minik avtomobili ilə hərəkət edərkən saat 14:04 radələrində YPX məni saxlamış və Bakı şəhəri DYPİ YPX-nin inspektoru polis kiçik serjantı X4 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Həmin protokola əsasən Bakı şəhər DYPİ-nin 13 iyul 2022-cı il tarixli TP ******* saylı Qərarı ilə nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.3.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərar ona xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Buna görə Bakı şəhər DYPİ-in tərtib etdiyi 01 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Bakı şəhər DYPİ-in məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Bakı şəhər DYPİ-si tərəfindən tərtib edilmiş 01 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 idarə etdiyi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan bütün hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı (avtomobildə olan jalüzlərin sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar) sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə 01 iyul 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun sübutedici əhəmiyyətinin olmamasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, inzibati orqan tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı təmin edilməmiş bu barədə X3 məlumat verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, İXM- nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin göründüyü kimi səlahiyyətli orqan qanunvericiliyin tələblərini nəzərə almadan, barəsində icraat aparılan şəxsin iştirakını təmin etmədən inzibati xəta haqqında protocol tərtib etmişdir ki, bu da nəticə etibarı ilə qanunvericinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verdiyi hüquqların pozulması ilə nəticələnmişdir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xəta haqqında protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Məhkəmə, işin baxışı zamanı təqdim edilmiş inzibati xəta haqqında protokolu AR İXM-nin tələblərinə müvafiq surətdə qiymətləndirərək qeyd edir ki, həmin inzibati xəta haqqında protokolda X5 tərəfindən İXM-in 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilsə də, inzibati xətanın mahiyyətinin nədən ibarət olması konkret olaraq göstərilməmişdir ki, bu da müvafiq protokolun işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirmədiyinə dəlalət edir. Azərbaycan Respublikası İXMnin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə məsələyə mahiyyəti üzrə yanaşaraq aşağıdakılar qeyd edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavədə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı müəyyən edilmişdir. Həmin əlavənin Vİİ hissəsinin 3-cü bəndindən görünür ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar hesab olunur. Həmin əlavənin Vİİ hissəsinin qeydinə əsasən avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgüşüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 Bakı şəhər DYPİ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, onun idarə etdiyi nəqliyyat vasitəsinin şüşələrində örtükdən deyil, sənaye üsulu ilə hazırlanmış jalüzdən istifadə olunmuşdur. Jalüzdən istifadə edilməsi isə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə görə qadağan edilməmişdir. Həmçinin, inzibati xəta üzrə qəbul edilmiş qərarda inzibati xətanın mahiyyəti göstərilməmiş, yalnız İXM-in müvafiq maddəsi qeyd olunaraq şəxs barəsində cərimə tətbiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS ***-**** «Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər» dövlət standartına edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir. Hazırkı halda barəsində inzibati icraat aparılan şəxs tərəfindən idarə olunan avtomobilin küləyə qarşı olmayan digər şüşəsi hesab edilən arxa yan şüşələrdə sənaye üsulu ilə hazırlanmış jalüzdən istifadəsi təsbit edilməklə yanaşı bunun, yəni yuxarıda qeyd olunan 1 may tarixindən 15 noyabr tarixinədək olan müddət ərzində, qanunla tətbiqinə icazə verildiyi xx.xx.2022-ci tarixdə istifadə olunması, birmənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, X2 Azərbaycan Respublikası İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-in 01 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-in 01 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar