Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1450/2023 14.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Abşeron DYPŞ-nin polis mayoru Əsədov Nəsib tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYPŞ-nin polis mayoru Əsədov Nəsib tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırdı ki, Abşeron DYP idarəsinin polis mayoru X3 barəmdə inzibati tənbeh haqqında qərarı əsassız qəbul etmişdir. Ümumiyyətlə qeyd edim ki, mən uzun illərdir Bakı Mühəndislik Universitetində pedaqoq olaraq fəaliyyət göstərirəm və eyni zamanda dünyan səviyyəli elm olimpiadalarında yetirmələrim nəticələr əldə etmişdir. İçki içən deyil və hazırki qərar isə heç bir həkim və tibbi müayinə olmadan qanunsuz olaraq barəsində çıxarılmışdır.Yuxarıda qeyd olunandan başqa, inzibati xətanın törədilməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddələr dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olubolmaması sübutlarla müəyyən olunma və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi siibut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edib şəxsin üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildi inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə məsuliyyətə cəlb edilə bilməz. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi inzibati orqan fiziki şəxsin konkret təqsirini müəyyən etmədən və müavfıq sübutlar olmadan barəsində qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir, ona görə də qeyd olunan protokol və onun əsasında qəbul edilən qərarın ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, MERCEDES BENZ C180 markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Həmin pratokoldan görünür ki, barəsində inzibati xəta protokolu tərtib olunan şəxsə hüququ və vəzifələri izah edilməmiş, protokolun surəti ona təqdim olunmamışdır. Bu hal barəsində protokol tərtib olunan şəxsin hüquqlarının pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinə əsasən inzibati qaydada 400 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir.Halbu ki, həmin qərarın qəbul edilməsinə əsas olan Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol barəsində inzibati xəta protokolu tərtib olunan şəxsin hüquqlarının pozulması ilə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4 və 3.3-cü bəndlərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən maddələrin məzmununa görə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyətə cəlb edilir. Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08:15-də MERCEDES BENZ C180 markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokolda hadisənin qeydə alınma yeri belə göstərilməmişdir, yəni protokol natamamdır.Halbu ki, həmin protokola əsasən təqsirli bilinərək, X2 barəsində inzibati cərimə tənbeh tədbirinə dair qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iddia olunan vaxt səhər saatı olduğunu və sərxoş olmadığını buildirmişdir. Bu barədə inzibati xəta protokolunda isə hər hansı qeyd belə yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2, 8.3-cü maddələri). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı həmin qərarın qəbul edilməsinə əsas olan Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolu barəsində inzibati xəta protokolu tərtib olunan X1 hüquqlarının pozulması ilə tərtib olunmuş və nəticə etibarı ilə protokol hazırda şikayət verən tərəfindən mübahisələndirilir, həmin protokol mötəbər sübut kimi qəbul edilə bəlməz və bu əsasda şikayət təmin edilməli, Abşeron DYPŞ-nin polis mayoru Əsədov Nəsib tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron DYPŞ-nin polis mayoru Əsədov Nəsib tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1450/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1450/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver