Məhkəmə qərarları › İş №3(012)-1458/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1458/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1458/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, İnzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin X3 polis sahə rəisi, polis kapitanı Şahin Vəliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, 33 saylı evdə qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin X3 polis sahə rəisi, polis kapitanı Şahin Vəliyev tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin X3 polis sahə rəisi, polis kapitanı Şahin Vəliyev bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Oba” marketlər şəbəkəsinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən filialından müxtəlif vaxtlarda “Ankor” və “Vestgold” kərə yağlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs 500 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir. Bəzən fəhləçilik edir. xx.xx.2022-ci il tarixdə yaşadığı fərdi həyət evindən çıxaraq Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Oba” marketə daxil olmuş, satıcılar fikir vermədikləri üçün mağazadan soyuducunun içərisində olan “Ankor” və “Vestgold” kərə yağlarını götürərək mağazadan bayıra çıxmışdır. Təxminən 300-500 metr kənarda həmin mağazadan götürdüyü yağları tanımadığı şəxsə satmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında AZ 015876 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Mizağa oğlunun səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs Mizağa oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 11 sentyabr 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs Mizağa oğluna məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar