Məhkəmə qərarları › İş №3(012)-1459/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1459/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1459/2021 01.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs (050 676 71 17) barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 01.10.2021-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs 01.10.2021-ci il tarixdə saat 01:15-də Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində yerləşən “Karvan” kafesində ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozması, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X6 məhkəmədə verdiyi izahatında göstərdi ki, 01.10.2021-ci il tarixdə saat 01:15 radələrində polis əməkdaşları karantin rejimi ilə əlaqədar Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində yerləşən “Karvan” kofesində ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmaqla fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Polis əməkdaşları dərhal həmin yerə yaxınlaşaraq özlərini təqdim etməklə orada olan şəxsləri Abşeron RPİ-nə dəvət etmiş və orada həmin şəxslərin Şəxs və digərləri olması müəyyən edilmişdir. Bununla da Şəxs ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, o, 01.10.2021-ci il tarixdə saat 01:15 radələrində Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində yerləşən “Karvan” kofesində dostları ilə, o cümlədən 9-10 nəfər şəxslə olan zaman polis əməkdaşları ora yaxınlaşaraq ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozduqları üçün onu və orada olan digər şəxslərin bəzilərini, o cümlədən kafeni işlədən X1, işçisi X4, Şəxs, Qənbərov Elnur höccət oğlunu Abşeron RPİ-nə dəvət edərək dörd nəfər barəsində inzibati protokol tərtib edilmiş, qalanları isə oradan buraxılmışlar. Birinə isə onlarla olduğu halda 100 manat alıb Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Sonda o, özünü təqsirli bilərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 müqavilə bağlamadan Xırdalan şəhəri, 27ci məhəllə ərazisində yerləşən “Karvan” kofesini işlədir, 01.10.2021-ci il tarixdə saat 01:15 radələrində kofeni bağlayan zaman polis işçiləri kafeyə daxil olub karantin rejimi qaydalarını yoxladıqlarını bildirib orada olan təxminən on bir nəfər şəxsi yoxlayıb şəxsiyyətlərini aydınlaşdırmış, Aydın deyilən polis onlardan bəzilərini hansı səbəbdənsə buraxmış, beş nəfərini, o cümlədən onu və işçisi X4 Abşeron RPİ-nə dəvət edərək dörd nəfər barəsində inzibati protokol tərtib edilmiş, qalanları isə yenədə oradan buraxılmışlar. Birinə isə onlarla olduğu halda 100 manat alıb barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Onlar gündüz saat 12-yə kimi növbətçi hissədə saxlanılmış, növbətçi hissədə olan polis əməkdaşlarına boğaz hissəsindən onkoloji xəstə olduğunu, boğazının şişdiyini, nəfəs ala bilmədiyini, çay və ya su istəyini bildirməsinə baxmayaraq ona çay və ya su verməkdən imtina etmiş, onun şikayətinə istehza ilə gülüb ələ salmış, oturmaq üçün dörd nəfərə iki stul verdikdə səhərə kimi növbə ilə soyuq otaqda ayaq üstə qalmışlar. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tutduğu əməldən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar