Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-146/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-in DYPŞ-in əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyn oğlunun, onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Hüseyn oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-i DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-i DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Hüseyn oğlu xx.xx.2025-ci il tarixdə saat 16:02 radələrində idarə etdiyi “BMW 3281” minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması halına yol verməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Abşeron RPİ-in DYPŞ-in əməkdaşı X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Hüseyn oğlunun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Hüseyn oğlu izahatında göstərmişdir ki, o, hazırkı inzibati xətaları Nərimanov və Xəzər rayonlarında törətdiyi halda işə Abşeron Rayon Məhkəməsində baxılmasının səbəbi ona aydın deyil. Bundan başqa onun qeydiyyat və yaşayış yeri də Xəzər rayonunun ərazisində yerləşir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilmiş protokol , qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; Təqdim edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt göstərilsə də, xətanın törədildiyi yer göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət yaranır. İş materiallarına əlavə edilmiş videodiskdə olan videogörüntülərdə Şəxs Hüseyn oğlu idarə etdiyi avtomobillə qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması öz əksini tapsa da, həmin görüntülərlə onun həmin hərəkətləri harda törətməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, barəsində inzibati xəta haqqında işü üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olsa da, inzibati xəta haqqında protokol İXM-in müvafiq maddələrinə uyğun olmayaraq tərtib edilmişdir. Qeyd edilən hallar şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün həmçinin inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-i DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair material Abşeron RPİ-in DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-146/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-146/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver