Məhkəmə qərarları › İş №3(012)-1467/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1467/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1467/2024 05.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədov Vüsal Əliş oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin X10 polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin X10 polis sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirmişdir ki, 04 iyul 2024-cü il tarixdə, saat 22:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yol-patrul xidmətinin əməkdaşlarının fəaliyyətinə mane olmaqla yanaşı polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələrdə o, öz hərəkətlərini davam etdirmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, inzibati xəta ilə bağlı özünü təqsirli bilir. Belə ki, hadisə zamanı spirtli içki qəbul etmiş və əsəbi olmuşdur. Yol polisi əməkdaşları onun dostunu saxlamış və bu zaman polis əməkdaşlarından dostunun nə səbəbə saxlanıldığı soruşsa da polis əməkdaşları bu məsələnin ona aidiyyatının olmamasını bildirərək ərazidən uzaqlaşmalı olduğunu bildirmişdirlər. O isə buna məhəl qoymamış, patrul maşının pəncərəsini döyərək bir daha nə üçün dostunu saxladıqlarını soruşmuş və bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Hadisə zamanı içkili olduğunu və aralarında anlaşılmazlıq olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon DYPŞ-nin əməkdaşı X1 bildirdi ki, 04 iyul 2024-cü il tarixdə Abşeron rayon, Qobu qəsəbəsi ərazisində sürücü saxlanılmış və alkotestrdən keçirilən zaman sürücünün sərxoş olduğu müəyyən olunmuşdur. Bundan sora sürücü ilə söhbət aparılan zaman yol-patrul avtomobilinin çölündən 2 vətəndaşın avtomobilin pəncərəsini döyərək saxladıqları şəxsin onun dostu olduğunu bildirmiş və şəxsi avtomobildən çıxarmaq istəmişdirlər. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də onlar buna məhəl qoymamış daha da aqressiv formada öz hərəkətlərinə davam etmişdirlər. Bundan sonra Abşeron RPİ-nin PPX xidmətinin əməkdaşları əraziyə dəvət edilmiş və onların köməyi ilə həmin şəxslər Abşeron RPİ-nin X11 gətirilmişdir.Həmin şəxslərdən biri hazırda barəsində icraat aparılan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon DYPŞ-nin əməkdaşı X7 da digər şahidlə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 05:20-dən məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Şəxs yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş hadisənin görüntülərini əks etdirən video görüntüdən görünür ki, Şəxs polisin fəaliyyətinə mane olmuş, qanuni tələblərini yerinə yetirməmiş, dəfələrlə nizam intizama dəvət edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, hadisənin görüntülərini əks etdirən video görüntünü, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti yüngülləşirən hallar aşkar edilməmiş, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərməsini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növünün aşağı həddində tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməklə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdə 05:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar