Məhkəmə qərarları › İş №3(012)-1469/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1469/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1469/2023 03.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən “Renault” minik markalı, 77BX802 dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürcüyə saxla əmri verilmişdir. Lakin o, əmrə tabe olmayayaraq hərəkətini davam etdirmiş, polis əməkdaşları onu müşayiət etmişdir.Bu zaman onar yaxınlıqda olan PPX-nin əməkdaşlarına məlumat vermişlər. Həmin avtomobil Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaxınlığında olan ara küçədə maneəyə dəyərək dayanmışdır.Bu zaman polis əməkdaşları sürücüyə yaxınlaşmış və əl-qol hərəkətləri edərək tabesizlik göstərmişdir. Daha sonra nalayiq ifadələrlə polis əməkdaşlarını təhqir etmişdir. Bu zaman polis əməkdaşları sürücüdən kəskin spirtli içki qoxusunun gəldiyini hiss etmişlər. Sürücünü Abşeron RPİ-yə gətirmişlər. İdarədə sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında etdiyi əməl üzrə təqsirli bildiyini, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs inzibati xətanı törədən zaman orta alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini davam edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2023-cü il tarixdə saat 04:30-da tutulduğunu nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, 150 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar