Məhkəmə qərarları › İş №3(012)-1475/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1475/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1475/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 18:19 radələrində Abşeron rayonu. Səttar Bəhlulzadə küçəsində hərəkətdə olduğu zaman ona məxsus olan **-NY-*** dövlət qeydiyyat nişanlı, Lada 2124 markalı avtomobilinə elektron qaydada TP ******* nömrəli protokol tərtib edilmişdir. Qərar xx.xx.2023-ci il tarixdə sistemə vurulmuşdur. Qərara əsasən 150 manat cərimə edilmişdir. Yol patrul xidmətinin inspektoru ona məxsus **-NY-*** dövlət qeydiyyat nişanlı Lada 2124 markalı avtomobilinin faralarının normativ tələbləri pozmaqla quraşdırıldığını bildirərək, AR İXM-nin 342.2.2-ci maddəsini pozduğu qeyd etmişdir. Lakin qeyd etmək gərəkdir ki, avtomobildə fara quraşdırılması konstruksiya dəyişikliyi hesab edilmir. Belə ki, İXM-nin 342.2.2-ci maddəsində qeyd edilmiş “avadanlıq” sözünü anlayışına nəzər yetirdikdə görürük ki. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 2011-ci ildən dərc etdirdiyi “Azərbaycan dilinin izahlı lüğəti" kitabının İ cildinin 165-ci səhifəsində avadanlığa belə anlayış verilir: avadanlıq - bir iş üçün lazım olan təchizat və ləvazimat: maşınlar, alətlər, cihazlar, mexanizmlər. qur sular. Buradan çıxış edərək, bildirmək gərəkdir ki, İXM-nin 342.2.2-ci maddəsində “avadanlıq” dedikdə, avtomobilin lazımi funksiyalarını yerinə yetirməsində həddindən artıq əhəmiyyətli rol oynayan və olduqca mürəkkəb struktur və quruluşa sahib olan hissələri nəzərdə tutulmuşdur. Halbuki məqsədi sürücünün yolunu işıqlandırmaq olan faraların konstruksiya dəyişikliyi hesab etmək bu normanın dispozisiya şərtlərinə uyğun deyildir. Bunlara istinadən, o AR İXM-nin 342.2.2-ci maddəsini pozmamış, yəni normativ tələbləri pozmaqla avadanlıq quraşdırmamış və ya dəyişməmişdir. Ona görə də Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - Abşeron rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 18:19-də hərəkətdə olan Lada 2124 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirdiyinə görə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universtetinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə nəqliyyat vasitəsinə baxış keçirilməli, təhlükəsizlik tədbirlərinin pozulması, qabarit ölçüləri, aerodinamikası, işığın səpələnməsi, hərəkət iştirakçılarının təhlükəsizliyinin pozulması (sutkanın qaranlıq vaxtında qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün “korlaşdırılması” və s.) və başqa sualları cavablandıra biləcək sınaqlar aparılmalıdır. Bununla yanaşı: - nəqliyyat vasitəsində dəyişdirilən fara və yaxud elementlərin müəyyənləşdirilməsi məqsədi ilə iddiaçının və maraqlı tərəflərin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilməsi; - quraşdırılmış faranın texniki göstəricilərinin Lada 2124 markalı avtomobilə istehsalçı- zavod tərəfindən qoyulan faranın texniki göstəriciləri ilə müqayisə edilməsi; - xüsusi qurğuların köməyi ilə faralara qoyulan normativ tələblərə uyğunluğunun yoxlanılması məqsədəmüvafiqdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hazırda Azərbaycan Texniki Universitetində müvafiq qurğular olmadığından, universitet tərəfindən belə yoxlamaların aparılması qeyrimümkündür. Sözügedən yoxlamaların Azərbaycan Respublikası DİN BDYPİ-nin texniki baxış mərkəzlərində, müvafiq lisenziyaya malik olan ixtisaslaşdırılmış avtoservis müəssislərində aparılması məqsədəuyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü tarixli məktubundan görünür ki, nəqliyyat vasitəsinin konstruksiyasinda dəyişiklərin olub-olmamasının müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin: İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. İİ bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlıvaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” Qanunun 1 X6 vasitələrinin nasazlıqlarının Siyahısı göstərilmişdir. Həmin Əlavənin İİİ bəndinə əsasən - Xarici işıq cihazları ; 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıq qaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət yaradır. Şikayətçi tərəfindən Lada 2124 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində fara quraşdırılması işin mübahisəsiz halıdır. Məhkəmə, faraların qanunla qadağan edilməməsi barədə şikayətçinin dəlili ilə razılaşsa da, Lada 2124 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində quraşdırılmış həmin faralardakı lampaların normativ-texniki göstəricilərinin (lampalarda, güc, təsdiqləyici ölkə, cərəyan, lampanın tipi, təsdiq nömrəsi, istehsalçı və s) uyğun olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə həmçinin hesab edir ki, qərardan şikayət vermiş X4 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X4 normativ tələbləri pozub, nəqliyyat vasitəsinə quraşdırılmış faralardakı xarici işıqlarına dəyişiklik edərək həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan, başqa nəqliyyat vasitəsinə aid işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi etmişdir ki, bu da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, belə olan halda onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan dilinin izahlı lüğətində avadanlıq dedikdə - təchizat və ləvazimat, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar