Məhkəmə qərarları › İş №3(012)-149/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-149/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-149/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron DYPŞ-nin polis mayoru Eynəddin Usubov tərəfindən tərtib edilmiş Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən çıxarılmış 13 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə 24.01.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən çıxarılmış 13 dekabr 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, 03.12.2021-ci il tarixində Bakı şəhəri Saraykino küçəsi ilə Opel Astra markalı 99BY921 nömrəli şəxsi avtomobililə hərəkət edərkən, həmin yol ensiz olduğundan cəmi iki zolağdan ibarətdir və düz xətlə ayrılıb. Əlavə olaraq bildirir ki, həmin yol düz deyil və burulan döngəli formasındadır. Bununla həmin yolda görmə məhdüdiyyəti mövcuddur. Həmin yolla hərəkət etdiyi zaman qəflətən qarşısında yol qaydaları pozaraq dayanmış avtomobil gördü və qayda qanunlara əsasən əyləci vurub avtomobilini dayandırmağa çalışmışdır. Lakin döngə olduğundan məsafə az olduğu üçün və onun avtomobili dayanmış X5 markalı 99EN477 nömrəli avtomobilin arxasına çırpıldı. 99EN477 nömrəli avtomobilin arxasında farkop olduğundan avtomobilə heçnə olmamışdır, lakin onun avtomobilinin qabaq hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin avtomobilin sürücüsü tərəfindən kobud şəkildə pozulan yol qaydaları nəticəsində qəza baş verib. Hesab edir ki, dayanan avtomobil növbəti qaydaları pozub: səbəbindən asılı olmayaraq yol hərəkət zolağında avtomobil saxlamaqla yolu bağlayıb, yol hərəkət iştirakçısılarına mane yaradıb, texniki nasazlıq var idisə yenədə sürücü qaydaları pozub avtomobili hərəkət zolağından götürməyib, götürə bilmirdisə qanunla müəyyən məsafədə üç bucaq quraşdırmalı idi, lakin quraşdırmamış, dayanma durma qaydalarına əsasən avtomobil yol ayrıcından, svetofordan və döngədən aralı məsafədə saxlamaq olar, lakin sürücü yolun ümumiyyətlə döngəli olmasını nəzərə almayıb yolda saxlayıb və heç qəza işıqlarında yandırmayıb. Hadisə baş verdikdən sonra avtomobilin sürücüsü şifai bildirərək polislərə bildirdi ki, öz səhfıni etiraf edir və məsüliyyəti üzərinə götürür. Lakin polislər ona məlum olmayan səbəbdən bildirdilər ki, həmin yol qaydalarını pozub və qəza törətmişdir. Bundan əlavə olaraq onun qayda pozmağına aid sübüt təqdim etmədən, xüsusi cihazla ölçülmüş sürət barədə məlumat təqdim etmədən, ara məsafəni saxlayıb-saxlamamağım barədə heç-bir sübüt təqdim etmədən, hadisə yerinin sxem aktını səhvən tərtib edilməsinə baxmayaraq, etirazlarıma baxmayaraq ona qarşı protokol tərtib edilmişdir. Daha sonra polis tərəfindən qanunlar pozularaq qanunsuz qərar qəbul edilmişdir. Məhkəmədən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən çıxarılmış 13 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. İş üzrə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən çıxarılmış 13 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən çıxarılmış 13 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən çıxarılmış 13 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar