Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1492/2024 13.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Quba rayonu, Ərməki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, Ərməki kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326.1 və 342.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 342.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 iyun 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “Hyundai County” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21 may 2024-cü il tarixdə saat 07:00 radələrində hərəkətdə olarkən həmin avtobusda olan sərnişin Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o ümumiyyətlə həmin tarixdə belə bir hadisənin baş verməsindən xəbərsiz olmuşdur, təxminən avqust ayının 8-də polis idarəsinə çağırılarkən ona göstərilmiş videogörüntülərdən sonra hadisədən xəbəri olmuşdur. Bundan başqa o, videogörüntülərdə Zərərçəkmiş şəxs avtobusdan düşən zaman deyil, düşdükdən sonra ayağının yol kənarında olan beton maneəyə ilişərək yıxıldığını gördüyünü bildirmişdir. Bundan başqa avtobusun daxilində olan video kameraların 15 gündən bir avtomatik olaraq videoları sildiyini və hadisədən gec xəbər tutduğu üçün həmin videogörüntüləri bərpa etməyin mümkün olmadığını bildirmişdir.Özünü baş vermiş hadisədə təqsirsiz hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, “Bakı Avrasiya Kolleci”-nin 1-ci kurs tələbəsidir. 21 may 2024-cü il tarixdə saat 07:00 radələrində yaşadığı evdən çıxıb avtobusa minmişdir. Avtobusda sıxlıq olduğundan sürücü qapını bağlamadan hərəkət etməyə başlamışdır. Bu zaman o, sürücüyə avtobusdan düşmək üçün saxlamağını bildirmiş və düşmək istəyən zaman sürücü qapını bağlamadan hərəkət etməyə başlamışdır. Bu zaman o, müvazinətini itirmiş və üzü üstə yerə yıxılmışdır. Bundan sonra ətrafdakı şəxslər ona köməklik göstərmiş və hətta avtobusu da saxlatmışdırlar. Sürücü isə saxladıqdan sonra öz yoluna davam etmişdir. Hadisədən sonra Şəxs onun atasına zəng etmiş, üzrxahlıq etmək əvəzinə tənqidi sözlər söyləmişdir. Odur ki, hazırda barəsində iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və məhkəmədən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş videogörüntüdə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326.1 və 342.8-ci-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Belə ki, onun avtomobili qapısı bağlanmamış vəziyyətdə yerindən hərəkət etdirməsi və bu zaman zərərçəkmiş şəxsin yıxılması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin 22 may 2024-cü il tarixli 1050 nömrəli ekspertiza rəyindən görünür ki, 2006-cı il təvəllüdlü X1 almış olduğu xəsarətlər – sol diz oynağı nahiyəsində bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin ön və bayır səthini əhatə edən sahənin dərialtı hematoması, bel nahiyəsinin və sol aşıq-baldır oynağı nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış xx.xx.2024-cü il tarixli, HK-1/5502 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs barəsində olan İXM-in 327.6-cı maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılması Abşeron rayon Polis İdarəsi Dövlət X4 həvalə olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 327.6-cı maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılmamalıdır. Həmin maddə ilə nəzərdə tutulmuş əmələ inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, İXM-in 327.6-cı maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılmasının şəhər Abşeron rayon Polis İdarəsi Dövlət X4 həvalə olunması qənaətinə gəlmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır, keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və təqdim olunmuş videogörüntü ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. 342.8-ci maddəsinə əsasən Bu Məcəllənin 342.1.1, 342.1.4 - 342.1.6, 342.1.8, 342.2.1-342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. Hazırkı halda, Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi “Hyundai County” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qapıları açıq vəziyyətdə hərəkət etdirmiş və nəticədə Zərərçəkmiş şəxs yıxılaraq, sağlamlığına yüngül bədən xəsarətləri yetirilmişdir. Buna baxmayaraq Şəxs törədilmiş inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməmiş, hadisədən xəbərsiz olduğunu bildirmiş, hadisədən nə zaman xəbər tutmasından asılı olmayaraq ümumiyyətlə zərərçəkmiş şəxslə barışıq üçün heç bir cəhd göstərməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edərkən inzibati xətanın xarakterini, xəta törədən şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə islah etməyin mümkün olduğunu nəzərə alaraq, ona nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, İXM-in 327.6-cı maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Abşeron rayon Polis İdarəsi Dövlət X4 həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsi Dövlət X4 həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1492/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1492/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver