Məhkəmə qərarları › İş №3(012)-1496/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1496/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1496/2023 14.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X1 iştirakları ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşerpn RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİ-nin DYPŞ-nin polis-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Saray Novxanı yolu ilə hərəkət edən zaman həmin istiqamətdə hərəkətdə olan qeydiyyat nişanını bilmədiyi “KİA OPTİMA” markalı maşın onun idarə etdiyi avtomobilin sağ güzgüsünə dəymişdir. Bununla əlaqədar maşını saxlamış və hər iki avtomobilin sürücüsü avtomobildən düşmüşdür. Onun avtomobilinin güzgüsü sadəcə qatlanmış və heç bir ziyan dəyməmişdir. Ziyan dəymədiyinə, qarşı tərəfin avtomobilinin sürcüsü xanım olduğuna və baxçadan uşağının qarın boşluğundan sancı tutmağı haqqında zəng gəldiyinə görə qarşı tərəfə nömrə verib birlikdə ordan uzaqlaşmışlar. Hadisənin üstündən təqribən 1 ay keçdikdən sonra xx.xx.2023-cü il taixində X3 Abşeron rayon Polis İdarəsi DYPŞ-dən özünü Farizxan Məmmədov kimi təqdim edən şəxsdən saat 16:50-də zəng gəlmş, ondan təcili olraq polis idarəsinə gəlməyi tələb olunmuşdur. Getməyəcəyi təqdirdə maşına axtarış qoyulacağı və cərimə yazılacağı bildirilmişdir. O əslində polis idarəsinə bu şəkildə çağırıldığının qanunsuz olduğunu bilsə də hörmətsizlik olmaması üçün ora yaxınlaşmışdır. Sonuncuya xx.xx.2023-cü il tarixində baş vermiş güzgü hadisəsi ilə əlaqədar çağırıldığı bildirilmişdir. O isə əslində hadisənin onun yox digər avtomobilin sürücüsü tərəfindən törədildiyini yazılı şəkildə qeyd etmiş və hadisənin kamera altında olduğunu bildirirərək araşdırılmasını xahiş etmişdir. Polis İdarəsində hadisənin araşdırılacağı və nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Lakin səhər xəbəri olmadan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP seriyalı ******* saylı protokol yazılmışdır. Bununla bağlı 902 məlumat mərkəzinə şikayət etmiş və o, Abşeron rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevə yönləndirilmişdir. Abşeron rayon Polis İdarəsinə yaxınlaşarkən yenidən Farizxan Məmmədovun yanına göndərilmişdir. O, Farizxan Məmmədova hadisəni törətmədiyini, hadisənin üstündən 1 ay keçdikdən sonra hadisəni araşdırmadan ona cərimə yazdığını, bunun qanunsuz olduğunu desə də polis əməkdaşı məhkəməyə şikayət edə biləcəyini deyərək onun işinə Musa müəllimin baxacağını bildirmişdir. Bundan əlavə Musa müəllimlə görüşmək istədiyini bildirərkən polis əməkdaşı X3 mane olmuş, Polis İdarəsindən uzaqlaşmasını tələb etmişlər. O hadisəni törətməmişdir, ziyan çəkən özü olduğu halda cərimə olunmuşdur, cərimə əsində digər avtomobili idarə edən şəxs barəsində yazılmalı idi. Sadəcə avtomobilində ziyan olmadığı üçün şikayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq Abşeron RPİ-nin DYPŞ-nin polis-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Abşeron RPİ-nin DYPŞ-nin polis-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Abşeron rayon Pİ-in DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron RPİ-in X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 xx.xx.2023-ci il tarixdə saat 17:43-də “HYUNDAİ ELANTRA minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saray Novxanı yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozan pozan nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2023-ci il tarixdə saat 17:43də “HYUNDAİ ELANTRA minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saray Novxanı yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol əsasında isə inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Abşeron RPİ-in DYP-nin polis-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar