Məhkəmə qərarları › İş №3(012)-1503/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1503/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1503/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X22 oğlunun və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X4, tələbkar X7 iştirakı ilə, 03.10.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X22 oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola, icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 07 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3131/2021 saylı, 18.05.2021-ci il tarixli icra sənədinə əsasən X6 iş üzrə yaranmış 1710 (bir min yeddi yüz on) manat məbləğində aliment borcunu iş üzrə tələbkar X7 xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 bildirdi ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3131/2021 saylı, 18.05.2021-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu X3 İcra və Probasiya Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən yayınmış, bununla qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X17 izahat verərək bildirdi ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3131/2021 saylı, 18.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. O, borcunu qısa müddətdə ödəcəyinə dair söz verir və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi X8 haqqında iş üzrə icraat aparılan şəxs X17 barəsində barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X11 bildirdi ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3131/2021 saylı, 18.05.2021-ci il tarixli icra sənədinə əsasən hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. X21 Oktay oğlunun barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 21.05.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, haqqında iş üzrə icraat aparılan şəxs X22 oğlunun mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Məhkəmə iclas zalında X6 iş üzrə tələbkar şəxsə aliment borcundan 100 (yüz) manat təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X22 oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından və icra məmuru vaxtında icra hərəkətlərini yerinə yetirmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. X22 oğlunun izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə iclas zalında da müəyyən olundu ki, X22 oğlu aliment borcunu ödəyir və ödəməkdən də imtina etmir. Məhkəmə zamanı müəyyən edildi ki, X22 oğlunun əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Belə olan halda, X22 oğlu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, X1 əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. İnzibati xəta törədən şəxs X22 oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X22 oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs X22 oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar