Məhkəmə qərarları › İş №3(012)-1503/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1503/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1503/2024 16.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qubanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Siyov kəndində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin Saray PB-nin polis sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi polis mayoru X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 12 radələrində Ceyranbatan qəsəbəsində aşura günü ilə əlaqədar Ceyranbatan Hüsniyyə məscidində xidmətdə olarkən 1 nəfər şəxs onlara yaxınlaşaraq ictimai kütlənin içərisində onların xidmətinə maneçilik göstərərək azyaşlı uşaqların məscidə buraxılmamasına görə nümayişkaranə onların fəaliyyətinə mane olmuşdur. Onu nizamintizama dəvət etsələr də, onlara məhəl qoymayaraq öz əməllərinə davam edərək onların xidməti fəaliyyətini təhqir etmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında özünü qismən təqsirli bilmiş, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ceyranbatan qəsəbəsində yerləşən məscidə getmişdir, orada uşaqları məscidə buraxmadıqlarından buna dözməmişdir. Buna görə polis əməkdaşları ona yaxınlaşb hərəkətinin düz olmadığını bildirmişlər. Sonra aralarında mübahisə başlamışdır. Həmin vaxt çox əsəbi olmuşdur. Odur ki, onu polis əməkdaşları polis idarəsinə gətirmişdirlər. Polis əməkdaşlarını təhqir etməmiş nalayiq sözlər işlətməmişdir. Əməlindən peşimandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin etdiyi əməlindən peşman olduğunu bildirərək, inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidlərin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1 (bir) ay inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar