Məhkəmə qərarları › İş №3(012)-1504/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1504/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1504/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X2, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 016-83917Q nömrəli qərarından verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 016-83917Q nömrəli qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti ona əlavə edilmiş materiallarla birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, qərardan şikayət verən X1 Muxtar Respublikası Sədərək rayonu, Heydərabad qəsəbəsində rəsmi qeydiyyatdadır. Lakin o, şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bununla bağlı qeyd edilməlidir ki, mübahisələndirilən qərar xx.xx.2019-cu il tarixdə qəbul edilsə də, X4 həmin qərardan şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu zaman o, qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X2, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 016- 83917Q nömrəli qərarından verdiyi şikayət geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 016-83917Q nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar