Məhkəmə qərarları › İş №3(012)-1504/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1504/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1504/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Nicat Rufulla oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyevin, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları, xx.xx.1991-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Salero” yaşayış kompleksi ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs haqqında xx.xx.2025-ci il tarixli, MN №1831788 saylı və MN №1831789 saylı inzibati xəta haqqında protokollar daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyev bildirdi ki, Şəxs 22 may 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi “Park Salero” yaşayış kompleksinin həyətində baş vermiş mübahisə zamanı Şəxs və Zərərçəkmiş şəxs bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bundan əlavə Şəxs və Zərərçəkmiş şəxs həmin tarixdə həmin ünvanda aralarındakı şəxsi münasibətlər zəminində bir-birilərinin sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ilə uzun illərdir ki, tanış olmuş və aralarında dostluq münasibətləri vardır. 22 may 2025-ci il tarixdə Şəxs ona zəng edərək onu evinə dəvət etmiş, həmin tarixdə saat 16:00 radələrində o, Şəxs yaşadığı “Park Salero” yaşayış kompleksindəki evinə getmişdir. Orada birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. Təxminən saat 23:00 radələrində onun mobil telefonuna zəng gəlmiş və bu zaman Şəxs səs-küy salaraq onun danışmasına imkan verməmişdir. Bundan sonra o, əsəbləşərək Aytənin üstünə qışqırmağa başlamış, Aytən də ona qarşılıq olaraq onun üstünə qışqırmağa başlamışdır. Bundan sonra o, evdən çıxaraq öz evinə getmək istəmiş, qapını açıb həyətə çıxmış, Aytən də onun arxasınca gəlmişdir. Həmin vaxt onlar küçədə olmuş və Aytən qışqırmağa başlamışdır. Bu səbəbdən də o, əsəbləşdiyindən Aytənin sifətinə bir dəfə sillə vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxılmış, sonra ayağa qalxıb birinci mərtəbədə yerləşən evinə daxil olmuş, mətbəxdən bıçaq götürüb onun üstünə hücum çəkmişdir. O, özünü əli ilə müdafiə edərkən bıçaq onun sol əlinə dəyərək kəsmişdir. Bundan sonra o, əsəbləşərək Aytənin bədəninin müxtəlif nahiyələrinə sillə və yumruqla zərbələr vuraraq döymüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş və onları RPŞ-nə dəvət etmişlər. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 22 may 2025-ci il tarixdə yaşadığı evdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə yemək yeyib, spirtli içki qəbul etmişdir. Sonra onlar Duz gölünün ətrafında gəzmək üçün evdən çıxmış, həmin vaxt Zərərçəkmiş şəxs onun geyindiyi başmağı əlinə götürüb ayaqqabısını götürüb qaçmağa başlamış və onunla zarafat etmək istəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs başmağını istəmiş, lakin sonuncu vermək istəmədiyi üçün ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Kənan onun sifətinə sillə ilə zərbələr vuraraq onu yerə yıxmışdır. Sonra o, yerdən qalxıb yaşadığı evdən mətbəx bıçağı götürərək Kənana yaxınlaşaraq vurmaq istədikdə, sonuncu əlini qabağa verib özünü müdafiə etmişdir. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşıb sakitləşdirmişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək onları RPİ-nə aparmışlar. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X8 xx.xx.2025-ci il tarixli 1207 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, sol əlin İ barmağının əsas falqasının ovuc səthinin səthi kəsilmiş yarası iti kəsini alətin təsirindən törənmişdir və qərarda göstərilən vaxtda yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi barədə 2/28655 saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcə sərxoş olmuşdur. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edildi ki, Şəxs 31 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında binanın dəhlizində sakinlərin eşidə biləcəyi halda Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Ona görə də, düzgün olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikasının İXM-nin 157 və 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilir. Onun törətdiyi əməllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyevin ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokollar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması həmin maddə üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Bundan əlavə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə iclasında barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar