Məhkəmə qərarları › İş №3(012)-1507/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1507/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1507/2023 11.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə DİN BDYPİ-in Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyündən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialların baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Şəxsnın Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair DİN BDYPİ-in Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyü tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs Şəxs təkrarən xx.xx.2023-cü il tarixdə, saat 09:20-də idarə etdiyi HOWO ZZ3257N847A yük markalı **-MS-*** dövlət qeydiyyat nişanlı vasitəsini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və inzibati xəta haqqında protokoldan görünür ki, maddənin mənasına görə, şəxsin İXMnin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün o, həmin Məcəllənin 353.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməli, bu barədə qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş olmamalıdır ki, əməl təkrar törədilmiş hesab olunsun və İXM-nin 353.5-ci maddəsi ilə tövsif edilsin. Lakin məhkəməyə bununla bağlı müvafiq sübutlar, yəni şəxsin İXM-nin 353.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərar, həmin qərarın qüvvəyə mindiyi barədə sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. İş materiallarına əlavə edilmiş sənədlərdən inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış, avtomaşının hansı xüsusi texniki vasitələrdən istifadə olunmaqla çəkilməsi, yükün hansı çəkidə olması və oxa düşən kütlə parametrlərini hansı həddə aşması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Hesab edirəm ki, qeyd edilən çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Çatışmamazlıqlar aradan qaldırılması üçün iş tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər DİN BDYPİ-in Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyünə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar