Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1509/2023 25.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş 04 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Ceyranbatan körpüsünün yaxınlığında fəaliyyət göstərən Şəxs MMC-də xx.xx.2023-cü il tarixində üzərində 1 kq-ın qiyməti 1.69 manat göstərilməsinə baxmayaraq 1.406 kq-lıq “Chilli” adlı lobya kassada artıq hesablanaraq 1 kq-ı 2.19 manatdan satılmışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, vətəndaş X1 müraciəti əsasında aparılmış araşdırma zamanı Abşeron rayonu, Ceyranbatan körpüsünün yaxınlığında fəaliyyət göstərən «Araz» Supermarketdə 1 kq-nın qiyməti 1.69 manat olan “Chilli” adlı lobyanın 1.406 kq-nın üzərində qiymətinin 2.38 manat göstərilməsinə baxmayaraq, kassada 1 kq-nın qiyməti 2.19 manatdan hesablanaraq 3.08 manata satılması faktı müəyyən olunmuşdur. Bununla da, Şəxs MMCnin istehlakçıları az miqdarda aldatdığı məlum olmuşdur. Bu səbəbdən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuş vətəndaş X1 müraciətindən görünür ki, vətəndaş öz müraciətində - Abşeron rayonu, Ceyranbatan körpüsünün yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketindən çəki ilə aldığı piştaxtada qiyməti 2.38 AZN qeyd olunduğu halda onun kart hesabından 3.08 AZN məbləğ çıxılmışdır. Qeyd olunanları əsas gətirərək, vətəndaş bununla bağlı özünün istehlakçı hüquqlarının pozulduğunu iddia edir və adıçəkilən marketə qarşı qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir. İş materiallarında olan foto şəkildən görünür ki, 1 kq-nın qiyməti 1.69 manat olan “Chilli” adlı lobyanın 1.406 kq-nın üzərində qiymətinin 2.38 manat qeyd edilmiş, lakin iş materiallarında olan satış çekindən görünür ki, “Chilli” adlı lobyanın 1 kq-nın qiyməti 2.19 manatdan hesablanaraq 3.08 manat göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş X1 müraciətinin araşdırılması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtib olunması nəzərdə tutulmuş, bununla bağlı səlahiyyətli nümayəndələrinin iştirakının təmin olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vətəndaş X2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşın müraciətinin araşdırılması nəticəsində təqdim etdiyi faktlara əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərildiyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus Abşeron rayonu, Ceyranbatan körpüsünün yaxınlığında fəaliyyət göstərən marketdə xx.xx.2023-cü il tarixdə 1 kq-nın qiyməti 1.69 manat olan “Chilli” adlı lobyanın 1.406 kq-nın üzərində qiymətinin 2.38 manat göstərilməsinə baxmayaraq kassada 1 kq-nın 2.19 manatdan hesablanaraq 3.08 manata satılmışdır. Bununla da, Şəxs MMC istehlakçı X3 az miqdarda aldadaraq ona 0.70 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 447.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Araz Supermarket» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1509/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1509/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver