Məhkəmə qərarları › İş №3(012)-1520/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1520/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1520/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Laçın rayonu, H.Aslanov küçəsi, ev 28-də qeydiyyatda olan və Abşeron Rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis mayoru X5 bildirdi ki, Şəxs 07.10.2021-ci il tarixdə Quba-Bakı yolunda DYPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Şəxs oğlu inzibati xəta törətməsini qəbul etdi və izahat verərək əməlindən səmimi peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BDYPİ-nin EN üzrə YPXB-nın YPXİ polis baş serjantı X1 ifadəsindən görünür ki, 07.10.2021-ci il tarixdə saat 11:45 radələrində Bakı-Quba yolu 11 Bakı istiqamətində xidmətdə olan zaman idarə etdiyi BMW markalı, **-YP-*** çağırışlı patrul avtomobilə Renault Megane markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. O, sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və sənədləri təqdim etməsini tələb etmişdir. O isə yüksək səs tonu ilə sənəd verməkdən imtina etmiş, dərhal sükan arxasına keçib avtomobili Ekoloji Nəzarət postunun qarşısına sürmüşdür. Orada onun sərxoşluğunu və sənədlərini yoxladıqdan sonra o polis əməkdaşlarına qarşı yüksək səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları ona sənədləri qaytarın avtomobili kənara çəkməsini bildirdikdə, Şəxs idarə etdiyi avtomobili onun üzərinə sürmüşdür. Ona görə də Şəxs Abşeron RPİ-nin NH-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BDYPİ-nin EN üzrə YPXB-nın YPXİ polis serjantı X4 digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə araşdırması zamanı Ekologiya YPX tərəfindən təqdim olunmuş diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, iş üzrə video diskə baxmaqla məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 37.1-ci maddəsinə əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar