Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1521/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hüquqşünası X1 Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı, 18 iyun 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokola əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Mercedes” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hüquqşünası X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.2-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Mercedes” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edildiyindən Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən 18 iyun 2025-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 25 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Mercedes” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir;
2. İnzibati xəta haqqında 18 iyun 2025-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Mercedes” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir;
3. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilir ki, “Mercedes” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektorunun tələbinə əsasən avtomobil texniki vəziyyətinin yoxlanılması və onun tibbi müayinədən keçməsinə dair arayış təqdim edilmir.
Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 1.2-ci maddəsinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir; 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən özünə məxsus olan “Mercedes” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə istehsal etdiyi məhsulları kommersiya məqsədi ilə bir ünvandan digər ünvana daşımışdır. Keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan videogörüntü və foto-görüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digərictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, habelə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların olmaması qənaətinə gələrək, iş üzrə sübutları qiymətləndirib hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.
Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbərtutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov