Məhkəmə qərarları › İş №3(012)-1527/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1527/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1527/2022 22.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən BDYPİ-in Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, yetkinlik yaşına çatmayan Şəxs, onun müdafiəçisi vəkil X3 və Şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, südçülük sovxozunda qeydiyyatda olan Yetkinlik yaşına çatmayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair BDYPİ-in Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, yetkinlik yaşına çatmayan Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:42-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, 712 saylı postda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «BAİC» minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında BDYPİ-in Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə tam təqsirli bilərək izahatında göstərmişdir ki, «BAİC» minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil anasına məxsusdur və anasının icazəsi ilə həmin avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «BAİC» minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Həmin gün spirtli içki içmiş və bundan sonra avtomaşını içkili vəziyyətdə idarə etmişdir. Əməli səmimi etiraf edir, yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Abşeron rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 54.1-ci maddəsinə əsasən işə Abşeron rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-in Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokolundan görünür ki, həmin protokol Şəxs İXM-nin 334.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 2/31288 saylı protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:30-da müayinə olunarkən onda «Yüngül dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılıq çəkməsini, inzibati xətanı törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası İXM-nin 32.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar