Məhkəmə qərarları › İş №3(012)-1534/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1534/2022

24.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1534/2022 24.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən evindən 85 man dəyərində 1 ədəd dreli, su krantını və duş üçün nəzərdə tutulmuş borunu oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin balansında olan 2 ədəd rabitə quyusunun 190 man dəyərində dəmir qapaqlarını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindən 350 metr uzunluğunda 100 manat dəyərində olan plastik su borusunu oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində 596 saylı avtobusdan enərkən əl çantasından 49 man pul, maaş və sığorta kartlarını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə “Tik Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 mobil telefonunu satmaq adı ilə aldadaraq sonuncunun 125 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs6ov Tapdıq oğlunun yaşadığı evindən 60 manat dəyərində 2 banka mürəbbəni və 1 ədəd bel kəmərini oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə X3 yaşadığı evin həyətində olan əl damından cəmi 90 man dəyərində 1 ədəd samovarı və 2 ədəd aliminium qazanı oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə taksi sürücüsü X1 sonunda verəcəyi adı ilə aldadaraq Abşeron rayonu, Sulutəpə qəsəbəsində cəmi 52 man pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X5 yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək oğurladığı əşyaları sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini və etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçəsi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiri tətbiq edilməsini xahiş etdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməlləri səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən qəbul olunur. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və və ona 25 (iyirmi beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu 23 sentyabr 2022-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar