Məhkəmə qərarları › İş №3(012)-1537/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1537/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1537/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli 00100-01717/24 saylı protokol üzrə icraata xitam verilməsi qərara alınmışdır Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 3(012)-1537/2024 nömrəli qərarı ləğv olunması, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 00100-01717/24 nömrəli protokola yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 00100-01717/24 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin raporta Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən **********2660 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar 52 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. AZ0119, Abşeron rayonu, Novxanı ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq şəxsin ünvanına xx.xx.2024-cü il tarixli, 3-33-1100/2003614/2024 saylı dəvət məktubu göndərilərək Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Bakı Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, AZ0119, Abşeron rayonu, Novxanı ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********2660 sorğu nömrəli gömrük bəyannaməsi ilə yüklər “Solution Buta” şirkətinə ixrac olunmuşdur. Qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 12536.68 (on iki min beş yüz otuz altı manat 68 qəpik) manat təşkil edən 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar 52 sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda, köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə AZ0119, Abşeron rayonu, Novxanı ünvanında qeydiyyatda olan hüquqi səxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********2660 sorğu nömrəli gömrük bəyannaməsi ilə yüklər “Solution Buta” şirkətinə ixrac olunmuşdur. Qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 12536.68 (on iki min beş yüz otuz altı manat 68 qəpik) manat təşkil edən 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar 52 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bu barədə Şəxs MMC-yə 3-33-1100/2-002447/2024 nömrəli xx.xx.2024-cü il tarixli xəbərdarlıq və 3-33- 1100/2002837/2024 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş məktubları ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 00100-01717/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100- 01717/24 nömrəli inzibati xəta haqqında protokol baxılaraq hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş materiallarına əlavə olunan sübutlar inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsasdır odur ki, qeyd olunanlara əsasən işə onların iştirakı olmadan baxılmasını və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Bakı Baş Gömrük İdarəsinin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Şəhər Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 00100-01717/24 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin raporta Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən **********2660 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar 52 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Bu fakt 3-33-1100/012/013987 nömrəli xx.xx.2024-cü il tarixli Raport, çıxarış-hesabatlar, xx.xx.2023-cü il tarixli, **********2660 sorğu nömrəli gömrük bəyannaməsi, müqavilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Şəxs MMC tərəfindən məhkəməyə göndərilməklə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Bank hesabından çıxarışdan görünür ki, 7726.74 ABŞ dolları məbləğində vəsait 08.1.2023-cü il tarixində deyil, əvvəllər aparılmış əməliyyatlar üzrə, yəni xx.xx.2022-xx.xx.2023-cü illərə aid aparılan əməliyyatlar üzrə göndərilən malların dəyəri olaraq ödənilmiş məbləğlərdir. Lakin hazırda Şəxs MMC barəsində tərtib edilmiş protokol isə xx.xx.2023-cü il tarixində ixrac edilmiş 7374,52 ABŞ dolları məbləğində dəmir məmulatların əvəzi olaraq müvəkkil bankda olan hesaba köçürülmədiyi üçün tərtib edilmişdir “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən göndərilmiş xx.xx.2022-xx.xx.2023-cü illərə aid bank hesabından çıxarışlardan göründüyü kimi qeyd olunan tarixlərdə sifariş olunmuş malların dəyəri MMC tərəfindən ödənilmişdir. Lakin inzibati xəta haqqında protokol üzrə qeyd olunan xx.xx.2023-cü il tarixli **********2660 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar 52 sent) məbləğində pul vəsaitinin müvəkkil edilmiş bankın hesabına köçürüldüyünü təsdiq edən heç bir mötəbər sübut MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki təqdim olunmuş çıxarışlarda tarix xx.xx.2023-cü il göstərilməyinə baxmayaraq qeyd olunan tarix bank əməliyyatlarının həyata keçirildiyi tarix deyil, bank tərəfindən çıxarışların verildiyi tarixdir, bu hal da, xx.xx.2023-cü il tarixində Şəxs MMC tərəfindən ixrac edilmiş 7374,52 ABŞ dolları məbləğin dəmir məmulatlarının əvəzi olaraq müvəkkil bankda olan hesaba köçürülən pul məbləği kimi qəbul edilə bilməz. Göründüyü kimi Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərdə xx.xx.2023-cü il tarixli **********2660 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar əlli iki sent) məbləğində pul vəsaitinin qanunvericiliyə əsasən müvəkkil edilmiş bankın hesabına köçürülməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 7374.52 (yeddi min üç yüz yetmiş dörd dollar əlli iki sent) məbləğində valyuta vəsaiti məbləğinin 30 faizi – 2212,356 ABŞ dolları (iki min iki yüz on iki ABŞ dolları üç yüz əlli altı sent) məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar