Məhkəmə qərarları › İş №3(012)-1547/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1547/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1547/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 17 avqust 1986-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs t oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 04 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)-4024/2022 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat, xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 03 noyabr 2022-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə borclu Şəxs 10600 manat aliment borcu olduğu üçün barəsində fevral ayında protokol tərtib edilərək məhkəməyə verilmiş, lakin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Tələbkar bildirmişdir ki, fevral ayında onlar arasında olan razılaşmaya əsasən aliment borcunun bir hissəsini tələb etməkdən imtina etmiş, həmin tarixə 5000 manat aliment borcu qalmışdır. Borclu isə, aylıq ödəyəcəyi məbləğdən əlavə ödəniş etməklə borcu qısa vaxtda tam ödəyəcəyini bildirmişdir. Lakin hazırkı dövrə borc tam ödənilməmiş, 986 manat borc qalmışdır. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhəkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, fevral ayında 11000 aliment borcu olduğu halda həmin borcun 6000 manatını güzəştə getmiş, borclu isə qalan pulu əvvəlcə bir dəfəyə, sonra isə 3 ay ərzində ödəməyə söz vermişdir. Lakin onun güzəştə getməsindən istifadə edərək borcu ödəməmişdir. Himayəsində iki övladının olduğunu, heç yerdə işləmədiyini, kirayə yaşadığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, onun hazırki vaxtadək borcu bağlayacağını bildirsə də, ondan asılı olmayan səbəblərdən bunu edə bilməmişdir. Kər ay hər uşağa görə təyin edilmiş 193 manatı və bundan əlavə olaraq köhnə borclarından da ödəniş etdiyini bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)- 4024/2022 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat, xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir

2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 03 noyabr 2022-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək hazırki vaxtadək ümumiyyətlə ödəniş etməməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat inzibati qaydada cərimə tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar