Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1568/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 08 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1022/2016 saylı, 12 iyul 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 24 fevral 2009-cu il təvəllüdlü X2 və 15 iyun 2012-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutulub cavabdeh X5 verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 13 aprel 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 02 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs tərəfindən indiyədək 6400 manat məbləğində aliment ödənilsə də, lakin hazırda onun 15200 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək, aliment ödəməkdən yayınmadığını, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 600 manat ödəniş etdiyini, bundan əvvəlki dövrlərdə də, öhdəliyini tam olmasa da, qismən yerinə yetirdiyini bildirmişdir. Tələbkar əvvəllər hissə-hissə ödənişə etiraz etməsə də, lakin maddi imkanı bir neçə ay olar ki, yaxşı olmadığından son zamanlar əvvəlki kimi ödənişləri vaxtlı-vaxtlı həyata keçirə bilmədiyi üçün sonuncunun ondan şikayətçi olduğunu qeyd etdi. Məhkəmə iclasında fasilə verilən zaman qardaşı tərəfindən tələbkarın hesabına 2000 manat məbləğində pul köçürülmüşdür. O, aliment borcu dəqiq hesablandıqdan sonra qalan borcu qısa vaxt ərzində ödəyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə icra məmuru tərəfindən qalan borcun düzgün hesablanmadığını, borclunun əməlində alimentin ödənilməsindən qərəzli yayınma hallarının olmadığını, davamlı olaraq müxrəlif vaxtlarda sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 600 manat ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-1022/2016 saylı, 12 iyul 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 24 fevral 2009-cu il təvəllüdlü X2 və 15 iyun 2012-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutulub cavabdeh X5 verilməsi qət edilmişdir;
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-1022/2016 saylı, 12 iyul 2016-cı il tarixli icra vərəqəsi ilə bağlı 13 aprel 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-1022/2016 saylı, 12 iyul 2016-cı il tarixli icra vərəqəsi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 02 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən borcun bir hissəsinin ödənilməsi əməlində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, həmçinin məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-1022/2016 saylı, 12 iyul 2016-cı il tarixli icra sənədi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov