Məhkəmə qərarları › İş №3(012)-1571/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1571/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1571/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X1 iştirakları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Baş X8 İdarəsinin EQ 28195553 saylı, 27 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN Baş X8 İdarəsi-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 Rauf oğlu şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, etibarnamə əsasında idarə etdiyi 01AB248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 27 may 2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən EQ28195553 nömrəli inzibati qərar qəbul edilmişdir. Həmin qərarla ona qarşı 50 (əlli) manat məbləğində cərimə və 2 (iki) cərimə balı tətbiq olunmuşdur. İnzibati protokolda qeyd olunmuşdur ki, guya o M-4 Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 12-ci kilometrliyində 86 km/saat sürətlə hərəkət etmişdir. Lakin bu iddia real faktlara və texniki sübutlara əsaslanmır. Belə ki, həmin tarixdə və saatda avtomobildə quraşdırılmış GPS izləmə sistemi vasitəsilə toplanmış məlumatlar əsasında nəqliyyat vasitəsinin hərəkət sürəti maksimum 57 km/saat olmuşdur. Bununla yanaşı, videoqeydiyyat (videoregistrator) cihazı tərəfindən qeydə alınmış görüntülər də həmin vaxtda avtomobilin sürət həddini aşmadığını açıq şəkildə təsdiq edir. Hətta qeyd edilən vaxt (27 may 2025-ci il, saat 07:50:37) videoregistrator tərəfindən qeydə alınmış görüntüdə nəqliyyat vasitəsinin real sürəti 53 km/saat olaraq əks olunmuşdur. Bundan əlavə, inzibati qərarla bağlı 29 may 2025-ci il tarixində E-Polis və AsanPay platformaları vasitəsilə elektron formada, eləcə də 902 və 102 qaynar xəttlərinə telefon zəngləri ilə rəsmi şikayət və müraciətlər etmişdir. Lakin bu günədək müraciətlərinə rəsmi cavab verilməmiş, protokolun obyektiv şəkildə araşdırılması təmin olunmamışdır. Eyni zamanda, göstərilən cərimə üzrə 5 iyul 2025-ci il tarixindən etibarən əlavə faizlərin hesablanması nəzərdə tutulur ki, bu da hüquqlarının pozulmasına və əsassız maliyyə öhdəliklərinin yaranmasına səbəb ola bilər. Yuxarıda göstərilən hallar, texniki sübutlar və qanunvericiliyin tələbləri əsasında hesab edir ki, EQ 28195553 nömrəli inzibati protokol hüquqi əsaslardan məhrumdur və ləğv olunmalıdır. Odur ki, onun barəsində tərtib edilmiş protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilə orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyərək, təqdim edilmiş videoregistratordan hadisə gününə aid görüntüyə baxış keçirdərək inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X5 xx.xx.2025-ci tarixli EQ 28195553 saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin qanunvericiliyin bu tələbinə, X5 tərəfindən təqdim edilmiş video-görüntüyə baxış keçirilən zaman sonuncunun qeyd olunan inzibati xətanın törədildiyi ərazidə keçən zaman avtomobilində olan video-registrator proqramı cihazı tərəfindən qeydə alınmış görüntülərdə onun sürətinin 53 km/saat olması əks olunmuş, lakin inzibati xətanın törədilməsinə səbəb olmuş foto-görüntüdə 86 km/saat olaraq əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Said Mehdiyevin hüquqlarının təmin edilməməsi, mötəbər sübutlara əsaslanmadan qərar qəbul edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların (videogörüntülərin) təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına əsaslı şübhələr yaradır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28195553 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, Said Mehdiyevin təqsirliliyi sübut edilməmiş, mübahisəli fakt üzrə sonuncunun şikayətinə baxmayaraq heç bir araşdırma aparılmamış, habelə məhkəmə tərəfindən Said Mehdiyev barəsində icraat materialı tələb edilsə də, Said Mehdiyevin təqsirliliyini sübut edəcək müvafiq dəlillər məhkəməyə təqdim edilməmişdir, inzibati tənbeh vermə barədə qərarda fotogörüntü və videogörüntüyə istinad edildiyi bildirilsə də, müvafiq videogörüntü və fotogörüntü məhkəməyə təqdim edilməmişdir, həmçinin şikayət verən şəxsin məhkəməyə təqdim etdiyi videogörüntüyə baxış nəticəsində şəxsin təqsirli olmaması öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, şikayət təmin edilməli,qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş 27 may 2025-ci il tarixli EQ 28195553 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar