Məhkəmə qərarları › İş №3(012)-1574/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1574/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1574/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının hakimliyi Vəlizadə Kamal Təbib oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Qasımlı kəndində qeydiyyatda olan və Sabunçu rayonunda kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron rayon RPİ-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon RPİ-nin Qobu PB-nin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində polis əməkdaşları ərazidə xidmətdə olarkən Atyalı qəsəbəsi, “Vüsal” şadlıq evinin arxa tərəfində bir nəfər şəxsin zibil qutularının yaxınlığında yerdə nəsə yandırdığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra ondan nə yandırdığını soruşduqda o, mis tərkibli elektrik naqilini yandırıb onu metal qəbuluna verəcəyini bildirmişdir. Polis əməkdaşları ondan naqili haradan götürdüyünü soruşduqda həmin şəxs cavab vermək əvəzinə onları nəlayiq ifadələrlə söyüb təhqir etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən Qobu PB-nə gətirilmiş və onun Şəxs olması müəyyən olunaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudov X2 xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Gədəbəy rayonunda yaşayır ,himayəsində körpə uşağı var, pul qazanıb ailəsinə göndərmək üçün Sabunçu qəsəbəsində kiralıq evdə qalaraq Meyvə Bazarında işlmək istəmiş, lakin araba yüksək qiymətə istifadəyə verildiyi üçün Gədəbəy rayonundan gətirdiyi 1 kq elektrik naqillərini 20 yanvar metposunun yanında qəbul məntəqəsinə vermək istərkən əridilməmiş naqilin ucuz götürüldüyünü görüb əvvəllər kirayədə yaşadığı Atyalı qəsəbəsinə gedib zibillikdə 1 kq elektrik naqillərini yandırarkən polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət edərkən onlarla mübahisə etmədən bölməyə gəlmiş, 1 kq elektrik naqillərini Gədəbəy rayonundan gətirdiyini bildirmiş, , polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmədiyini əsas gətirərək inizbati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:15 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hərəkətində polisə tabe olmamanın və ictimai qaydanın pozmanın əlamətləri yoxdur. O, polisə tabe olmuş, polis nəfərinin dəvəti ilə Abşeron rayon Polis İdarəsinə getmiş və heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Həmçinin məhkəmə onu nəzərə çatdırır ki, Abşeron rayon RPİ-nin Qobu PB-nin polis sahə rəisi X3 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını təsdiq edən hər hansı sübut məhkəmə iclasında təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri, digər sübutları, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş materiala obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verib, inzibati protokolu və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib - polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama müəyyən edilmədiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mahmudov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsri ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəyə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar