Məhkəmə qərarları › İş №3(012)-1576/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1576/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1576/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, şikayətçi - X2 nümayəndəsi və vəkili Vəkil, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 555.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandıraraq bildirdi ki, 06 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin Abşeron, Xızı regional şöbəsi tərəfindən “Abşeron rayon Abadlıq və Kommunal Xidmətləri İdarəsinin vəzifəli şəxsi kimi onun barəsində “Azərbaycan Respublikasının İXMnin 555.1-cı maddəsi ilə MN № ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 1000 manat məbləğində cərimə edilmişdir. DƏMX inzibati qərarını İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddə tələblərinin pozulması kimi əsaslandırmışdır. Qeyd edilən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermədiyinə görə inzibati qaydada barəsində inzibati tənbeh vermə barədə qərar verilib. Bildirmək istəyir ki tərtib edilmiş inzibati xəta haqqında MN № ******* saylı protokolda hadisənin 24 yanvar 2022-ci il tarixində yaşanması və X3 bu barədə 02 mart 2022-ci il tarixində müraciət etdiyi və bu əsasda X6 tərəfindən inzibati xətanın törədilməsi aşkara çıxmışdır. Bildirmək istəyir ki, o, Abşeron rayon İcra Hakimiyyətinin Basçısının 16 fevral 2022-ci il tarixli sərəncamına əsasən həmin vəzifədən getmişdir. Hesab edir ki, barəsində tərtib edilən inzibati qərar tamamilə əsasızdır və bundan başqa İnzibati Xətalar Məcəlləsinə uyğun müəyyən edilmiş müddət ötürülmüşdür.Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi idarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermədiyinə görə inzibati qaydada inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə faktla bağlı vətəndaşın müraciəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə daxil olmuşdur. Həmin ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, eyni zamanda İXM- nin 555.1-ci maddəsilə nəzərdə tutulmuş xəta törədilmişdir. Vətəndaşın şikayət ərizəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə daxil olduqdan sonra araşdırma aparılmışdır, ona görə də qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmiş hesab edilməlidir. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan MN ******* saylı protokoldan görünür ki, X6 işçi X3 xx.xx.2022ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə X8 Xidmətinə həmin gün məlumat verməmişdir. Hadisə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində baş vermişdir. Bu fakt vətəndaş X4 xx.xx.2022-ci il tarixli tarixli müraciəti, Abşeron rayon İcra hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xidmətlər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq edilir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermədiyinə görə Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermədiyinə görə Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə olunmuşdur. Bu fakt vətəndaş X4 xx.xx.2022-ci il tarixli tarixli müraciəti, Abşeron rayon İcra hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xidmətlər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq edilir. Bununla da, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X2 əməlində İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan xəta yaranmışdır. Qeyd edilir ki, İXM-nin 555.1-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxildir. Ona görə də hazırki xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti xətanın aşkar olunduğu vətəndaş Cahan Abdullayevin xidmətə müraciət etdiyi xx.xx.2022-ci il tarix hesab edilir və həmin əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq iş üzrə 03 aydan çox müddət keçmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlili tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar