Məhkəmə qərarları › İş №3(012)-1578/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1578/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1578/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş İXP ******* saylı, 12 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, sürücü Şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz 190” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Saray qəsəbəsi, M.Müşviq küçəsi ilə Sumqayıt şəhəri istiqamətinə doğru özünün deməsnə görə saatda təxminən 30-40 km/saat sürətlə hərəkətdə olan zaman idarə etdiyi nəqliyyat vasitəsini yol səthində olan çaladan yayındırmaq üçün sola çəkmiş, bu zaman yolun əks hərəkət istiqamətindən öz yolu ilə gələn X4 idarə etdiyi mopedi ehtiyatsızlıqdan vurmuş, nəticədə Xədicə Səfərova və mopedin arxa oturacağında sərnişin qismində əyləşmiş X9 yüngül dərəcəli bədən xəsarəti almışlar. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin polis mayoru X7 İXP ******* saylı, 12 oktyabr 2021-ci il tarixli protokolda göstərilənlərə əsaslanaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta haqqında protokolda qeyd olunanları bir daha təsdiq edərək törətdiyi əməl üzrə özünü təqsirli bildiyini və törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli, 2133 saylı canlı şəxsin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, 1986-cı il təvəllüdlü X4 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- burun nahiyyəsinin qançırı, burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol bud çanağın, sol hissəsinin sol diz nahiyyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 03 sentyabr 2021-ci il tarixdə salonunda olduğu motosikletin minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli, 2134 saylı canlı şəxsin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, 1995-ci il təvəllüdlü X6 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın ənsə nahiyyəsinin əzilmiş yarası, burun nahiyyəsinin sıyrığı, sağ baldırın cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 03 sentyabr 2021-ci il tarixdə salonunda olduğu motosikletin minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə izah olunsun ki, vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə Şəxs qarşı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar