Məhkəmə qərarları › İş №3(012)-1594/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1594/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1594/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, X1 iştirakları ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhər DYPİ-nin TP ******* saylı, 12 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. X9 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 19 yanvar 2024-cü il tarixdə saat 14-10 radələrində idarə etdiyi ona məxsus **-TV- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Moskva prospektindən Mir Cəlal küçəsinə manevr edərkən **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı “OPEL” markalı avtomobil onun avtomobilinin arxa sağ nahiyyəsindən vuraraq avto-nəqliyyat hadisəsi törətmişdir. O avtomobildən düşərkən hadisəni törədən şəxs ona irad bildirdi ki, “niyə mənə imkan vermədinki, yanacaq doldurma məntəqəsinə daxil olum?” Məmmədov İlqar ona bildirmişdir ki, YDM-ə buradan giriş yoxdur və o buradan YDM-ə daxil olsa, qoşa xəttin tələbini pozacaq. YDM-ə giriş Moskva prospektinin Xırdalan istiqamətindəndir. O bu şəxsə nə qədər izah etməyə çalışsa da ki, həmin şəxs yol hərəkəti qaydasını pozub, görüb ki, bu şəxsin ya ümumiyyətlə yol hərəkəti haqqında qanundan xəbəri yoxdur, ya da huşu anlaqsızdır. O bunu nəzərə alaraq, Polisin “102” qaynar xəttinə müraciət etmişdir. Yol nəqliyyat hadisəsindən təxminən 1 saat keçdikdən sonra 2 ayrı-ayrı polis maşını ilə polis əməkdaşları hadisə yerinə yaxınlaşmışdır. Polis əməkdaşları gələnə qədər onlar avtomobilləri hadisə yerindən çəkməyiblər. Bu zaman hadisə yerinə təhkim olunmuş polis əməkdaşlarından heç biri avtomobillərdən düşməyərək, heç bir ölçü götürməyərək, heç bir fotoşəkil çəkməyərək avtomobilləri hadisə yerindən YDM-nin həyətinə çəkdiriblər. Polis əməkdaşı maşının içindən düşmədən, rütbəsini bildirmədən onların sənədlərini almışdır, ona və yanındakı şəxsə sərxoşluq müayinəsindən keçməli olduqlarını bildirmişdir. Sabah saat 11-də Bakı şəhəri BPİ DYPİ-nin 7-ci otagina gəlməli olduqları deyilmişdir. Daha sonra polis əməkdaşları hadisə yerindən uzaqlaşmışdır. Məmmədov İlqar hadisə yerindən birbaşa Səhiyyə Nazirliyinin Sərxoşluğun Təyin olunması idarəsinə gedib, sərxoşluq müayinəsindən keçib, arayışı Bakı Şəhəri BPİ DYPİ-ə təqdim etmişdir. Qarşı tərəfin müayinədən keçib-kecməməsi haqqinda hec bir məlumatı yoxdur. Halbuki, hər iki sürücü polisin iştiraki ilə X3 müayinə olunmalı idi. Hadisə ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin YNHÜŞ-nin inspektoru, polis kapitanı inzibati tənbeh vermə haqqında qərar X5 tərəfindən heç bir araşdırma aparılmadan xidməti maşından düşmədən, yol-nəqliyyat hadisəsinin baş vermə ardıcıllığını soruşmadan xidməti borcun formal icra edilməsi xatirinə onun barəsində Yol hərəkəti haqqında AR Qanununun 42-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulmasına görə 19.01,2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə TP ******* saylı qərar qəbul olunmuşdur. O, polis əməkdaşının hadisəyə bu cür məsuliyyətsiz və yaxud da səriştəsiz yanaşaraq, ona qarşı ədalətsiz qərar verdiyinə görə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. X11 sədrliyi altında 2 dəfə məhkəmə prosesi keçirilib. Heç bir məhkəmə prosesində Bakı Şəhər Baş X14 idarəsindən nümayəndə iştirak etməmişdir. xx.xx.2024 cü il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən 3(012)-707/2024 saylı qərar qəbul olunmuşdur. Qərara əsasən, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar leğv edilməli idi, iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı idi. Qərardan təxminən 1 ay keçdikdən sonra Bakı şəhər BPİ DYPİ-dən işi araşdırmaq üçün ona heç bir dəvət gəlmədiyini görmüşdür, o Bakı Şəhər BPİ DYPİ-ə yaxınlaşmışdır. Oradan ona bildirilib ki, hadisə yenidən araşdırmaq Bakı şəhər BPİ DYPİ-nin Yol nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru polis mayoru X2 tapşırılıb. Həmin polis mayoru ona bildirmişdir ki, Abşeron Rayon Məhkəməsi BPİ DYPİ-ə dəvət göndərməyib. O isə İdarənin dəftərxanasindan məlumat almışdır ki, hər iki məhkəmə prosesi üçün Abşeron Rayon Məhkəməsindən Bakı Şəhər BPİ DYPİ-ə dəvət göndərilib. Polis mayoru ona əlaqə nömrəsi verərək, mütəmadi əlaqə saxlamağını, qarşı tərəfi də çağırıb hadisə yerində yenidən araşdırma aparılacağını bildirib. Bir həftə keçdikdən sonra yenidən əlaqə saxlayarkən ona bildirilib ki, qərar qəbul edilib, Forma-4 Sığorta şirkətinə göndərilib. O sığorta şirkətinə yaxınlaşmış, ordan ona bildiriliblər ki, onlara heç bir məlumat gönərilməyib. Yenidən polis mayoru ilə əlaqə saxlayıb, ona bildiriblər ki, səhər saat 3-də YPİ-ə yaxınlaşsın. Deyilən vaxtda o YPİ-ə yaxinlaşmışdır .Amma heç bir araşdırma aparılmadan TP ******* Nömrəli qərar qəbul edilmişdir. Odur ki, onun barəsində tərtib edilmiş protokolun və 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, xx.xx.2024-cü il tarixli şikayət vermiş şəxsin izahatını dinləyərək, inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X6 İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin qanunvericiliyin bu tələbinə, həmçinin Abşeron Rayon Məhkəməsinin 3(012)-707/2024-cü il tarixli qərarı ilə X4 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına baxmayaraq Bakı Şəhər DYPİ tərəfindən yenidən obyektiv araşdırma aparılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı İlqar Məmmədovun hüquqlarının təmin edilməməsi, mötəbər sübutlara əsaslanmadan qərar qəbul edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların (videogörüntülərin) təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına əsaslı şübhələr yaradır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, İlqar Məmmədovun təqsirliliyi sübut edilməmiş, belə ki, dəfələrlə məhkəmə tərəfindən İlqar Məmmədov barəsində icraat materialı tələb edilsə də, İlqar Məmmədovun təqsirliliyini sübut edəcək müvafiq dəlillər məhkəməyə təqdim edilməmişdir, inzibati tənbeh vermə barədə qərarda fotogörüntü və videogörüntüyə istinad edildiyi bildirilsə də, müvafiq videogörüntü və fotogörüntü məhkəməyə təqdim edilməmişdir,həmçinin sonuncunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında mövcud olan qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X13 İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş 12 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar