Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1596/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Babaşlı Elnur Hüseyn oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 11 aprel 2025-ci il tarixində "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə tullantıların qalaqlanması və boşaldılması, ərazinin çirklənməsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Elnur Babaşlı öz izahatında bildirmişdir ki, 11 aprel 2025-ci il tarixdə qeyd olunan ərazidə yük maşınlarının tullantıları boşaltması aşkar edilmiş, lakin həmin avtomobillərin hansı şəxsə məxsus olması müəyyən olunmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə sorğu göndərilmiş və sorğu üzrə alınmış cavabdan müəyyən olunmuşdur ki, həmin avtomobillər "xxxx" MMC-ə məxsusdur. Daha sonra hüquqi şəxsə inzibati araşdırma barədə məlumat verilmiş və inzibati araşdırma ilə bağlı hüquqi şəxsin nümayəndəsinin işrirak etməsi tələb olunmuşdur. "xxxx" MMC tərəfindən idarəyə məktub göndərilmiş və bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" MMC tərəfindən icarəyə götürülmüşdür, idarənin balansında olan nəqliyyat vasitələri tullantıları torpaq sahəsinə boşaldır, lazım olduqda isə yükləyərək digər sahəyə daşıyırlar. E.Babaşlı bundan başqa bildirmişdir ki, həmin torpaq sahəsi hüquqi şəxsin mülkiyyətində olmasına baxmayaraq qanunvericiliyin tələbinə əsasən tullantıların boşaldılması üçün müvafiq icra hakimiyyəti orqanından tullantıların boşaldılmasının mümkünlüyü barədə müvafiq ekspertiza rəyi alınmalıdır. Qeyd olunan xüsusat üzrə isə "xxxx" MMC tərəfindən müvafiq ekspertiza rəyi alınmamışdır. Odur ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda əks edilən yük avtomobilləri onun idarəsinin balansındadır. Tullantıların boşaldılması üçün həmin torpaq sahəsini icarəyə götürmüş və bununla bağlı müvafiq icarə müqaviləsi də vardır. İnzibati xəta haqqında iş üzrə icraatın materiallarında əks olunan avtomobillərin ona məxsus olduğunu bildirsə də, fotoşəkildə əks olunan bəzi ərazilərin onun mülkiyyətində olmadığını, habelə onlar tərəfindən boşaldılan tullantıların yalnız asfalt və torpaq qırıntılarından ibarət olduğunu, digər məişət tullantılarının isə zavoda məxsus olmadığını, həmçinin həmin tullantıların bir müddətdən sonra istifadə edilməsi üçün həmin ərazidən təkrarən götürülməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, fotoşəkildə göstərilən yük maşını onların idarəsinə məxsusdur. Belə ki, həmin ərazini onlar uzun müddətdir ki, istifadə edir. İstifadə məqsədi isə zavodun təyinatı üzrə müvafiq olara ərazilərdə tullantı kimi olan torpaq qırıntılarını həmin əraziyə boşaldıb daha sonra istifadə olunacağı təqdirdə yenidən həmin ərazidən yükləyərək istifadə etməkdir. Həmin torpaq sahəsi isə icarə əsasında MMC-nin şəxsi mülkiyyətindədir. MMC olaraq hazırki dövrədək həmin torpaq sahəsindən kənara heç vaxt torpaq qırıntılarının boşaldılmadığını, ümumiyyətlə boşaldılan tullantıların içində torpaq qırıntılarında başqa heç bir digər tullantı növlərinin (tədqiq edilmiş fotoşəkildə olan təkərlər və digər tullantıların) MMC tərəfindən həmin əraziyə atılmadığını, həmin tullantı növlərinin olduğu ərazinin MMC-ə məxsus olduğunu müəyyən etməyin mümkün olmadığını, habelə xırda tullantıların, açıq ərazidə olduğu üçün digər vasitələrlə (küləkli hava şəraitindən də asılı olaraq) həmin əraziyə gələ biləcəyini, səlahiyyətli orqan tərəfindən toplanmış sübutların əsassız olduğunu bildirərək "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2025-ci il tarixli baxış aktından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, ərazisində yerləşən boş torpaq sahəsinə nəqliyyat vasitələri ilə tullantıların boşaldılması faktı aşkar edildi. Qeyd olunan nəqliyyat vasitələrinin “Tatra” markalı **-JL-*** və **-JE-*** d.q.n-li yük avtomobilləri olduğu müəyyən edildi. Nəqliyyat vasitələrinin sürücüləri şəxsiyyət vəsiqələrini təqdim etməkdən imtina etdi və ərazidən uzaqlaşdılar. Akta 4 ədəd fotoşəkil əlavə edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tatra” markalı **-JL-*** və **-JE-*** d.q.n-li yük avtomobilləri "xxxx" MMC-nin adında qeydiyyatdadır. "xxxx" MMC-nin 12 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Bakı 5 №-li Yol İstismarı” MMC-nin icarəyə götürdüyü torpaq sahəsi yerləşir, idarənin balansında olan Tatra” markalı **-JL-*** və **-JE-*** d.q.n-li yük avtomobilləri tullantıları torpaq sahəsinin ərazisinə boşaldır, lazım olduqda isə yükləyib digər sahəyə daşıyırlar. 12 iyun 2024-cü il tarixli “icarə müqaviləsindən” görünür ki, ünvan 1 ünvanında yerləşən istehsalat sahəsini 21372 kv.m tutan ərazi "xxxx" MMC-nin direktoru X1 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən və videogörüntüdən görünür ki, **-JL-*** d.q.n-li yük avtomobili vasitəsilə əraziyə tullantı boşaldılır və ərazidə tullantılar aşkar edildi. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 11 aprel 2025-ci il tarixində "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə tullantıların qalaqlanması və boşaldılması, ərazinin çirklənməsi faktı aşkar edilmiş, bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 42-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsini qarşısını alan təmizləyici qurğular və sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və maddələrin qalıqlarının tullantılarının təmizlənməsi, zərərsizləşdiriləsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə və səmərəli istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görülməlidirlər. Göründüyü kimi "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə tullantıların qalaqlanması və basdırılması,ərazinin çırklənməsi nümayəndə tərəfindən inkar olunsa da, bu hal iş materialında olan aktlar, protokollar,video görüntü,müvafiq məktublar və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 266.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən Tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Tullantılar barədə Azərbaycan Respublikasının Qanununa əsasən tullantıların basdırılması - sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1596/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1596/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver