Məhkəmə qərarları › İş №3(012)-160/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-160/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-160/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələridə idarə etdiyi avtomobillə Beynəlxalq avyovağzalın yaxınlığında hərəkət olarkən Yol patrul xidməti inspektoru tərəfindən heç bir səbəb olmadan ona saxla əmrini vermiş və o da avtomobili saxlamışdır. DYP əməkdaşından saxlama səbəbini soruşduqda, DYP əməkdaşı ona avtomobilin ödənilməmiş cəriməsi olduğunu bildirmiş, halbu ki, avtomobilin üzərində hem bir cərimə olmamışdır. Sənədləri təqdim etdikdən sonra gün ərzində spirtli içki qəbul edib etməməyini soruşmuş, cavab olaraq, gün ərzində heç bir spirtli içki qəbul etmədiyini ona bildirmişdir. Buna baxmayaraq alkotester müayinəsindən keçmiş, ayıq olması müəyyən edilmişdir. Daha sonra DYP əməkdaşı onu Ekolojiya potuna dəvət etmiş, etiraz etməmiş, ekolojiya postunda narkoloji tesdən keçirilmiş, heç nə aşkar edilməmişdir. Daha sonra avtomobilində axtarış aparılmış, hem nə qanunsuz predment aşkar edilməmişdir. Ona hədə-qorxu gələrək, izahatı alınmış, içkili olmadığı halda onun sərxoş olması barədə etirafedici izahatı alınmışdır. Daha sonra ona israrla spirtli içki qəbul etdiyini bildirib avtomobili cərimə meydançasına yerləşdirmişdir. Məcburiyyət qarşısında qalıb özü tibbi müayinədən keçmək üçün oradan çıxıb saat 14:00-da polikilinikaya getmiş və orada tibbi müayinədən keçmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış xx.xx.2023-cü il tarixli 2/27019 nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:08-də o, tibbi müayinədən keçərkən ağzından alkoqolun və ya digər maddənin iyi gəlməmişdir, alkoqol qəbulu əlamətləri olmamışdır, ayıq olmuşdur. Səhəri gün, tibbi müayinə protokolunu DYP əməkdaşlarına təqdim etsə də, onlar protokolun boş şey olduğunu bildirib, əvəzində ona xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu təqdim etmişlər. Bundan sonra o DYP-nin yuxarı orqanı olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlə müraciət etsə də, bu günə qədər ona cavab verilməmişdir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 12:06-də Chevrolet Aveo minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq idarə etdiyi üçün barəsində İXM-in 327.1 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi xx.xx.2023-cü il tarixli 2/42791 nömrəli protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 18:08-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «X7» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun X4 barəsində başlanılmasının səbəbi xx.xx.2023-cü il tarixdə saat 12:06-də Chevrolet Aveo minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq idarə etməsi ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X4 tərəfindən törədilməsi iddia edilən İXM-in 327.1 və 333.1-ci maddələrinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin sürücünün xüsusi cihazlar vasitəsi sərxoşluq vəziyyətində olub-olmasının müəyyən edilməsi barədə (xüsusi texniki vasitədən alkotesterdən) müayinə protokolu tərtib edilməmiş, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı olub-olmaması barədə protokolda qeydlər aparılmamış, eyni zamanda hansı inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır, şikayətçi tərəfindən təqdim edilmiş videogörüntüyə baxaraq qiymətləndirilməmiş, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsini ümumiyyətlə əsaslandırılmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-si yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Bunadan başqa aşkar olunmuş inzibati xətaya dair tərtib olunmuş protokola baxılması zamanı qeyd edilən qanun normalarına əməl edilməsi təmin edilsə idi, X4 tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/42791 nömrəli aktda göstərilən nəticə ilə, DYP əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokola müəyyən edilən sərxoşluq halının ziddiyyətli olubolmaması müəyyən edilə bilərdi, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsi halında mütləq şəkildə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına uyğun araşdırma aparılmalıdır. Lakin iş materialları ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşması halı müəyyən edilmir. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Ümumiyyətlə sürücünün sərxoşluq vəziyyətində olub-olmasının müəyyən edilməsi proseduru zamanı bu şərtlər yerinə yetirilməlidir: 1)Yol polisinin peşəkar alkotesteri söndürülməlidir. 2) Müfəttiş birdəfəlik ağız boşluğunun olduğu paketi açmalıdır.3) İlk hava girişi boşdur, bundan sonra cihaz cavab verməlidir: İmtahandan sonra sürücüyə və şahidlərə imtahanın nəticələri göstərilir və 3 nüsxədə çap olunur (sürücü, yol polisi əməkdaşı və arxiv üçün). 20 dəqiqədən sonra işçi yuxarıdakı addımları təkrar edərək proseduru təkrarlamalıdır. İkinci sınaq əsas hesab olunur. Qanunvericiliyə görə inzibati xəta törədən şəxsin veridiyi izahat yalnız digər sübutlarla əhatə olunduqda mötəbər sübut kimi qəbul edilə bilər. Bu halı təsdiq digər sübut yalnız alkotesterin nəticəsidir. İnzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda isə yuxarıda qeyd olunan şərtlər barəsində heç bir qeydlər aparılmamışdır. Məhkəmə araşdırması zamanı isə əksinə X2 xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olması müvafiq sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-si yalnız öz subyektiv mülahizələrinə əsasən X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİin X3 yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar