Məhkəmə qərarları › İş №3(012)-1600/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1600/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1600/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1969-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” 17 iyun 2025-ci il tarixli qərarına əsasən Şəxs cinayət və inzibati məsuliyyəti izah edilməklə zorakılığın təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, X4 qısamüddətli mühafizə orderi verilmişdir. Qeyd olunan icra sənədi üzrə 21 iyun 2025-ci il tarixdə icraata başlanılmış və borclu şəxsin mobil telefon nömrələrinə həmin tarixdən başlayaraq müxtəlif tarixlərdə SMS bildiriş göndərilmişdir. Həmin mobil telefon nömrələrinə zəng edilsə də Şəxs zənglərə cavab verməmişdir. Şəxs 14 iyul 2025-ci il tarixdə icra şöbəsinə gəlmişdir. Şəxs icra sənədi üzrə öhdəlikləri icra etmədiyini, 09 iyul və 10 iyul 2025-ci il tarixlərdə X4 yaxınlaşdığını, hətta sonuncu dəfə aralarında yaranmış münaqişə zamanı Ülviyyə Qasımovaya xəsarət yetirdiyini, bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının aparatının qərarı ona təqdim edilməmişdir. Qərarın mahiyyətindən və qərar üzrə X1 uzaq durmalı olduğunu bilməmişdir. Bundan başqa icra şöbəsinin də qərarından 12 iyul 2025-ci il tarixdə mobil telefonuna gələn SMS bildiriş vasitəsilə xəbər tutduğunu, həmin tarixdə icra şöbəsinə gəldiyini, lakin iş günü olmadığı üçün bu gün, yəni 14 iyul 2025-ci il tarixdə şöbədə olmuş və qərarın mahiyyəti ona izah edilmişdir. Sonda yenidən icra hakimiyyətində ona qərarın təqdim olunmadığını, icra şöbəsinin çağırışlarından da xəbərsiz olduğunu bildirərək məhkəmədən başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Ramizlə evləndiyi gündən Ramiz və onun ailəsinin təzyiqlərinə, təhqirlərinə və müxtəlif formada zorakılıqlarına məruz qalmışdır. Dəfələrlə zorakılığa məruz qalmış, lakin ailəsinə görə heç vaxt şikayət etməmişdir. Övladları da zorakılıq və travma ilə böyümüşdür. Lakin sonradan həddən artıq zorakılığa məruz qaldığı üçün Şəxs şikayət etmişdir. Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul eidlmiş qərara əsasən ona qısamüddətli mühafizə orderi verilmişdir. Qərar 17 iyun 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq Ramiz və ailəsi ondan əl çəkməmiş dəfələrlə onu narahat etmişdir. Belə ki, 09 iyul 2025-ci il tarixdə o işdən çıxan zaman Ramiz ona yaxınlaşmış və zorla avtomobilə əyləşdirmək istəmişdir. O, Ramizə qısamüddətli mühafizə orderinin olduğunu bildirmiş və Ramizin ondan uzaq durmalı olduğunu bildirsə də Ramiz buna məhəl qoymamış, “məni tutdursan da səndən əl çəkməyəcəm” kimi ifadələr işlətmişdir. 10 iyul 2025-ci il tarixdə yenidən Ramiz ona yaxınlaşmışdır. Şəxs Abşeron Rayon İcra Hakimiyyətinin qərarından məlumatı olduğunu bildirmiş və əlavə etmişdir ki, poçt işçisi ona zəng edərək Şəxs ünvanına məktub gəldiyini, lakin evdə heçkəs həmin məktubu qəbul etmədiyini bildirmiş və nə edəcəyini soruşduqda o, poçt işçisinə artıq Ramizlə birlikdə yaşamadığını bildirmişdir. Şəxs ona və övladına qarşı dəfələrlə zorakılıq etdiyini, hər gün qorxu içində yaşadığını bildirərək Şəxs barəsində “həbs” növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 müdafiə etdiyi şəxsin nə qəbul edilmiş qərardan nə də həmin qərar üzrə “icraata başlama haqqında qərardan” məlumatı olmadığını bildirərək onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Abşeron Rayon İcra Hakimiyyəti başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” 17 iyun 2025-ci il tarixli qərarına əsasən Şəxs cinayət və inzibati məsuliyyəti izah edilməklə zorakılığın təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, X4 qısamüddətli mühafizə orderi verilmişdir. Abşeron Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” 17 iyun 2025-ci il tarixli qərarına icra sənədi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmənin mövqeyi: İlk öncə Abşeron Rayon İcra Hakimiyyəti başçısının aparatının qərarının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Bundan başqa məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəxs müxtəlif vaxtlarda SMS bildiriş göndərdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş SMS bildirişlərdən göründüyü kimi, 21 iyun 2025-ci il tarixdə saat 12:03-də icraata başlamaq barədə(borcluya) göndərilmiş SMS bildirişin statusu müəyyən edilməmiş, 23 iyun 2025-ci il tarixdə saat 17:18-də məcburi gətirilmə haqqında(borcluya) göndərilmiş SMS bildirişin statusu “Tranzaksiya İD xətası”, 09 iyul 2025-ci il tarixdə saat 18:28 və həmin günün digər saatlarında çatmış bildirişlərin statusu çatdırımış kimi qeyd olunsa da, sms bildirişin məzmunundan da göründüyü kimi yenidən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan icra sənədi barədə məlumatların qeyd olunmadığı, “İcra Haqqında Qanunun” 84-cü maddəsinə əsasən Abşeron Rayon İcra və Probasiya şöbəsinə gəlməkdən yayındığı üçün barəsində məcburi gətirmə tətbiq edildiyi barədə məlumatlar öz əksini tapmışdır. Tələbin könüllü icrası haqqında 21 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs qeyd olunan bildiriş ilə 14 iyun 2025-ci il tarixdə tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. “AzeMis Elektron məhkəmə informasiya sisteminə” də nəzər salarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetinin mövcud olmadığı müəyyən edilmiş və şəxsin yalnız əyani qaydada məlumatlandırıla biləcəyi xüsusatı yenidən öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan icra sənədi üzrə əvvəlcədən məlumatlandırılması faktı məhkəmə iclasında sübut və dəlillərlə öz əksini tapmamışdır. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, barəsində inzibatri xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X8 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X8 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar