Məhkəmə qərarları › İş №3(012)-1604/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1604/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1604/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Noruz oğlunun iştirakları ilə 18 avqust 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 15 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(012)-374/2023 saylı, 10 iyul 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs qazancından cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 01 avqust 2013-cü il tarixdə anadan olmuş X2 və 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 20 sentyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs hazırda 3154 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək, aliment ödəməkdən yayınmadığını, hazırki vaxtadək mütəmadi olaraq ödənişlər etməsini, lakin bir neçə müddətdir ki, işdən çıxarıldığı üçün maddi imkanında çətinliklər yarandığını, bu səbəbdən də ödənişlərdə gecikmələr yaranmasını bildirmişdir. O, iş üçün etdiyi müraciətdən müsbət xəbər gəlməsi ehtimalının yüksəkliliyini beləliklə də yaranmış borcundan 600-700 manat məbləğində birdəfəlik ödəniş edə biləcəyini qeyd edərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində alimentin ödənilməsindən qərəzli yayınma hallarının olmadığını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri təbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Oğuz Rayon Məhkəməsinin 2(054)-374/2023 saylı, 10 iyul 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 01 avqust 2013-cü il tarixdə anadan olmuş X2 və 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir;

2. Oğuz Rayon Məhkəməsinin 2(054)-374/2023 saylı, 10 iyul 2023-cü il tarixli icra vərəqəsi ilə bağlı 20 sentyabr 2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 24 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şəxs xəbərdarlıq edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Oğuz Rayon Məhkəməsinin 2(054)-374/2023 saylı, 10 iyul 2023-cü il tarixli icra sənədi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Noruz qızına müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Noruz qızına müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar