Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1607/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, şikayətçi X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 rayonu Novxanı kəndi ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatını korladığından və torpağın təyinatını dəyişdirərək tikinti işləri apardığından İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X4 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 247.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Abşeron Ərazi Şöbəsi tərəfindən guya Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0.05 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının dəyişərək başqa məqsədlər üçün istifadəyə görə Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilməsinə dair barəsində inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, qərar qəbul edən orqan tərəfindən onun mülkiyyətində olan əraziyə hər hansı bir baxış keçirilməmiş eyni zamanda inzibati araşdırmaya maraqlı şəxs olaraq cəlb edilməmişdir. Buradan belə bir sual ortaya çıxır. Qərar qəbul edən şəxs hansı sənədlər və sübutlar əsasında məni dəvət edib araşdırmadan barəsində inzibati tənbeh tətbiq edilməsi ilə əlaqədar qərar qəbul etmişdir. Adıçəkilən qərardan o, yalnız icra şöbəsinə dəvət olduqdan sonra məlumatlı olmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. 2015-ci ilin sentyabr ayında tərəfindən həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşası ilə əlaqədar layihələndirmə işləri aparılmış və tikintinin aparılacağı ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq məlumatlandırma icraatı çərçivəsində Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən baxılmış və xx.xx.2015-ci il tarixdə tikinti işlərinin aparılmasına etiraz edilməmişdir. Göründüyü kimi tərəfindən fərdi yaşayış evi inşa edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə qərar qəbul edən orqan İXM-nin 247.2-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin maddə eləcə də, Məcəllənin özü 2016-cı ilin 01 mart tarixində qüvvəyə minmişdir. Yəni tərəfindən qanuna uyğun olraq inşa edilmiş fərdi yaşayış evinin tikildiyi vaxtı belə bir məcəllə eləcə də belə bir maddə mövcud olmamışdır. Bu hal özü-özlüyündə qəbul edilmiş qərarın qanunsuzluğuna dəlalət edir. Həmçinin yuxarıda qeyd etdiyi hallar nəzərə alınmasa belə onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Belə ki, hazırda qüvvədə olan İXM-nin 38-ci maddəsinə əsasən hadisənin baş verdiyi andan müvafiq olaraq 3 ay və 1 il keçdikdən sonra onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X9 məhkəmədə çıxış etməklə şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışda Abşeron rayonu Novxanı kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3 xüsusi mülkiyyətində olduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-cu il tarixli aktdan görünür ki, Abşeron rayonu Mehdiabad kəndi ərazisində monitorinq keçirilmiş, monitorinq zamanı X7 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qazıntı və tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Fotoşəkillərdən də torpaq sahəsində qazıntı işlərinin aparılması, torpaq sahəsi üzərində daşdan tikilmiş tikilinin olması görünür. Abşeron RİHB-sı tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonunun Novxanı kəndində mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş tikilinin eskiz layihəsi və baş planı-tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılması, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yanaşma prinsiplərinə riayət olunması və tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH başçısının memarlıq və tikinti şöbəsinə məlumat verilməsi şərtləri ilə razılaşdırılmışdır. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Abşeron rayonu Novxanı kəndi ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatını korladığından və torpağın təyinatını dəyişdirərək tikinti işləri apardığından, bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, bu protokol əsasında qəbul edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: -kənd təsərrüfatı təyinatlı torpaqlar; -yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; -sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; -xüsusi qorunan ərazilərin torpaqları; -meşə fondu torpaqları; -su fondu torpaqları; -ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X3 paylı mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar kateqoriyasına aiddir. Qanunvericiliyin tələblərinə görə bu qəbildən olan torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Anbarlar, evlər və sair kimi əsaslı tikililərin isə inşa edilməsi qanunvericiliyin tələblərinə ziddir və torpağın təyinatı üzrə istifadə edilməməsi kimi son nəticədə onun münbit qatının korlanmasına səbəb olur. X7 isə mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində qazıntı işlərinin aparması, əsaslı tikili tikərək torpağın təyinatını dəyişdirməsi və torpağın münbit qatını korlaması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapır. X4 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Abşeron rayon İcra Baçşısının icazəsi ilə tikili tikildiyini bildirsə də, məhkəmə hesab edir ki, onun tərəfindən inşa edilmiş tikili tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında tikilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur ki, həmin tikili daşdan tikilmişdir ki, bu cür tikilini müvəqqəti tikili hesab etmək olmaz. Çünki, həmin tikili qısa müddətdə istifadə üçün nəzərdə tutulan və asanlıqla quraşdırılıbsökülə bilən tikili deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X3 barəsində qəbul edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Həmçinin həmin qərarla xəta törətmiş şəxs İXM-nin 247.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göstərilən Məcəllənin 134.1.1 -ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X3 barəsində qəbul edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1607/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1607/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver