Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1609/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, Abşeron RPİ-nin X1 polis sahə rəisi, polis kapitanı Coşqun İsmayıllının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qusar rayonu, İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qusar rayonu, İmamqulukənd kəndində ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsindən daxil olmuş 05 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 avqust 2024-cü il tarixdə YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin X1 polis sahə rəisi, polis kapitanı Coşqun İsmayıllı izahat verərək bildirdi ki, YPXA-nın pois nəfəri, polis baş serjantı Hikmət Məmmədov və İlham Qurbanov xidmətdə olarkən Bakı-Quba yolunun 26-cı kilometrliyində Kamaz markalı ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobilində konstruksiya dəyişikliyi olduğu üçün həmin nəqliyyat vasitəsini saxlamış, sürücüdən sənədlər tələb edilmiş, lakin o sənədləri təqdim etməmiş, nəqliyyat vasitəsinin yanından uzaqlaşmışdır. Dəfələrlə intizama dəvət olunsa da nəqliyyat vasitəsini duracağa təmin etməkdən imtina etmişdir. Bununla da xidmətdə olan polis əməkdaşının qanuni tələblərini yerinə yetirməyərək inzibati xəta törətmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Kamaz markalı ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobili onun qardaşının mülkiyyətindədir və həmin vaxt o, nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmişdir. Polis əməkdaşlarının saxla tələbinə əsasən hərəkəti dayandırmış, sənədlərinin üstündə olmadığını bildirmiş və kompüter vasitəsi ilə yoxlanılarkən sənədlərinin qaydasında olduğu müəyyən edilmişdir. Ondan maşında olan yükü hardan əldə etməsi hara aparması soruşulmuş, həmin dəmir parçalarının özünə məxsus olduğunu Stansiya Sumqayıt ərazisinə apardığını bildirmişdir. Yükün sənədləri olmadığı və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün nəqliyyat vasitəsinin duracağa aparılacağı ona bildirildikdə o, əvvəl buna etiraz etmiş, sonra heç olmasa yükü təyinat yerinə çatırmasına icazə verilməsini xahiş etmişdir. Lakin polis əməkdaşları nəqliyyat vasitəsinin üzərindən qeydiyyat nişanlarını açaraq götürmək istəmişdirlər. O, da bunu telefon vasitəsi ilə qeydə almaq istəmişdir. Sonra onunla söhbət aparılmış o özü nəqliyyat vaitəsini duracağa təmin etmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlərə yol vermədiyini bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid kimi dindirilmiş YPXA-nın pois nəfəri, polis baş serjantı Hikmət Məmmədov ifadəsində bildirmişdir ki, iş yoldaşı İlham Qurbanovla xidmətdə olarkən Bakı-Quba yolunun 26-cı kilometrliyində Kamaz markalı ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobilində konstruksiya dəyişikliyi olduğu üçün həmin nəqliyyat vasitəsini saxlamış, sürücüdən sənədləri xahiş etmişdir, lakin sürücü sənədləri təqdim etməmiş, nəqliyyat vasitəsindən düşərək qapılarını bağlayıb oradan uzaqlaşmışdır. 10-15 metr aralandıqdan sonra qayıtmış lakin nəqliyyat vasitəsini duracağa təmin etməkdən imtina etmişdir. Ona bele olan halda nəqliyyat vasitəsinin qeydiyyat nişanının çıxarılacağı bildirildikdə aralanaraq telefonla çəkiliş aparmaq istəmişdir. Bir az profilaktik danışıqlardan sonra o, nəqliyyat vasitəsi idarə edərək duracağa təmin etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin X1 polis sahə rəisi, polis kapitanı Coşqun İsmayıllı tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2024-cü il tarixdə YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Tam əksinə olaraq iş materiallarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidin ifadəsindən də müəyyən edilmişdir ki, YPXA əməkdaşının saxla tələbinə əməl edərək nəqliyyat vasitəsini dayandırmış, əvvəl nəqliyyat vasitəsini duracağa təmin etmək istəməsə də sonradan özü könüllü olaraq polis əməkdaşlarının qanuni tələblərini icra edərək nəqliyyat vasitəsini duracağa təmin etmişdir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1609/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1609/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver