Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-161/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Abşeron rayon Polis İdarəsi DYP tərəfindən barəsində tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron DYP polis kapitanı X5 tərəfindən barəsində tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini belə əsaslandırdı ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8 xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat cərimə edilmişdir. Bildirmək istəyir ki, **-OF-*** dövlət qeydiyyat nişanlı, BMW 3201 minik markalı avtonəqliyyat vasitəsi ona məxsusdur. Qeyd edir ki, xx.xx.2023cü il tarixində Abşeron rayon hərəkətdə olarkən ona saxla əmri verildi, o, nəqliyyat vasitəsini qırağa çəkib saxladıqdan sonra onun nəqliyyat vasitəsində “Speyser” olduğu bildirildi və nəqliyyat vasitəsinə heç bir baxış, servis rəyi olmadan onun barəsində İXM 342.2.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. O, bunun qanunsuz olduğunu, nəqliyyat vasitəsində İXM 342.2.3-cü maddəsinin tələblərini pozan heç bir əlavə avadanlığın olmamasını bildirsə də, nəqliyyat vasitəsi cərimə meydançasına aparıldı. O, nəqliyyat vasitəsini cərimə meydançasından çıxardıb xx.xx.2023-cü il tarixində BMW Azərbaycanın rəsmi servis mərkəzi olan İmprotex Motorsa aparmışdır. Nəqliyyat vasitəsinə quraşdırılmış Speyserin qanuni olması və speyserlər quraşdırılmış halda təkərlərarası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçüləri normal daxilində olması barədə akt tərtib olundu. Sonda o, Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kapitanı X5 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron DYP polis kapitanı X5 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan BMW servis tərəfindən şikayət verən şəxsə təqdim edilmiş 77FM474 nömrəli BMW markalı avtomobilin müayinəsindən görünür ki, speyserlər quraşdırılmış halda təkərlərarası baza və təkər düsturunun bucaqlarının ölçüləri norma daxilindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, həmin Məcəllənin 342.2.3-cü maddəsi isə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Abşeron DYP polis kapitanı X5 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İstinad edilən qanun normasının məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012- ci il tarixli, Q6-001-12 N-li qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X8 nəzarəti qaydaları barədə Təlimatın” 6.1.1 və 6.1.2-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat vermək, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq vermək kimi vəzifələri də yerinə yetirir. Hesab edirəm ki, hazırkı iş üzrə baxılan materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar mütəxəssis rəyi alınmaqla yenidən araşdırılmalı və onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə yekun qərar qəbul edilməlidir. "X7” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsində vurğulanır ki, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə həm də qeyd edir ki, qərar qəbul edərkən həm də Abşeron rayon Pİ DYPnin əməkdaşları tərəfindən "X7” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsində nəzərdə tutulan qaydalara riayət edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İstinad edilən normaya əsasən qərar İXM-nin 48-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən əsaslı və qanuni hesab edilə bilməz, ona görə də X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-161/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-161/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver