Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1616/2025 22.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət vermiş şəxs: X1 iştirakları ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:06-da Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Ford markalı, ** EY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən yolun hərəkət istiqamətinin birinci zolağında 5 saniyəlik müddətə nəqliyyat vasitəsini saxlamış və həmin nəqliyyat vasitəsində olan sərnişini düşürmüşdür. Bu hal kamera vasitəsi ilə qeydə alınaraq əsasız yerə protolda ikinci zolaqda saxladığı kili qeyd edilmişdir. Ümumiyyətlə qərar qanunla müəyyən edilmiş dövlət qeydiyyatına alınmamış avadanlıq tərəfindən qeydə alındığı üçün mötəbər hesab edilməməli, həmçinin həmin ərazidə dayanma-durmanı qadağan edən nişamların olmaması nəzərə alınmalıdır. Lakin qeyd edilənlər qərar qəbul edilərkən nəzərə alınmamış, ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olması barədə qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 09:06-da Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Ford markalı, ** EY *** dövlət qeydiyyat nişanlı minik avtomobillə ikinci və sonrakı cərgədə durmaqla dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir;
Belə olan halda işin tam və obyektiv hallarını sübutlar təqdim edilmədiyi üçün araşdırmaq mümkün olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqanagöndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin orqana göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Abusət Qasımov