Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1619/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin 08 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Polis İdarəsinin 08 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X8 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Abşeron rayon Polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola Abşeron RPİ-nin rəisi Musa Musayev tərəfindən baxılaraq xx.xx.2025-ci il tarixli, MN 167761 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan protokola və qərara əsasən guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və həmin maddə ilə məsuliyyətə cəlb edilməklə 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Protokolda və qərarda göstərilməsə də həmin sənədlərin tərtib edilməsinə əsas isə Abşeron rayon prokurorluğunun əməkdaşları tərəfindən tərtib edilmiş qanunsuz və əsasız akt olmuşdur. Belə ki, Abşeron rayon prokurorluğunun əməkdaşları İlkin Eldarov, Kənan Əlizadə, Elvin Xasayev, Cəlal Əmirxanov və Aqil Haqverdiyevin imzaladığı aktdan görünür ki, o, X4 guya xx.xx.2025-ci il tarixdə Abşeron rayon prokurorluğunda olduğu zaman ictimai qaydanı pozaraq, kimisə təhqir etmiş və söymüşdür. Lakin iş üzrə onun təqsirini sübuta yetirən heç bir hal aşkar edilməmiş, yalnız aktı imzalamış şəxslərin fikrinə və sifariş əsasında inzibati məsuliyyətə cəlb olunmuş, hətta polis idarəsində qanunsuz olaraq 6 saat saxlanılmışdır. Bundan başqa iş üzrə rayon prokurorluğunun ərazisində yerləşən müşahidə kameralarında olan görüntülərin təqdim edilməsini də xahiş etmiş və bildirmişdir ki, həmin video görüntülərdə prokurorluğun işçilərinin qanunazidd davranışları, nalayiq ifadələri öz təsdiqini tapacaq. Ümumiyyətlə prokurorluğda olmasının səbəbini Abşeron Rayon Polis İdarəsində olan cinayət işi üzrə dəfələrlə vəsatət verməsinə baxmayaraq heç bir vəsatətinə cavab verilməməsini, ümumiyyətlə vəsatətə baxılması barədə qərar qəbul edilmədiyini, edildiyi halda ona təqdim edilmədiyini, həmin cinayət işinin onun məlumatı dörd dəfə dayandırıldığını əsas gətirərək qeyd olunan hallar üzrə rayon prokururuna şikayət üçün getmişdir. Lakin orada olan zaman heç bir qanuna zidd hərəkət etməmiş, heç kəsi söyüb təhqir etməmişdir. Odur ki, onun barəsində tərtib edilmiş protokolun və 510-cu maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv olunmasını, inzibati xəta haqqında işin icraatına xitam verilməsini, ona böhtan atmış Abşeron rayon prokurorluğunun əməkdaşları, Abşeron Rayon Mühafizə Polisinin əməkdaşı, eləcə də həmin aktı sifariş etmiş Abşeron Rayon Prokuroru barəsində xüsusi qərar qəbul edərək onların intizam məsuliyyətinə cəlb edilməsi üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılmaısını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Abşeorn Rayon Polis İdarəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X3 MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 510-cu maddəsinə əsasən “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən Məsmə Zeynalovanın qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən Məsmə Zeynalovanın barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Məsmə Zeynalovanın hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin hüquqlarını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X2 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1619/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1619/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver