Məhkəmə qərarları › İş №3(012)-162/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-162/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-162/2022 26.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(002)-1397/2018 saylı icra vərəqəsinin icrasından yayınmışdır. Borclu icra sənədi üzrə borcu 2400 (iki min dörd yüz) manat təşkil edir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(002)-1397/2018 saylı icra vərəqəsinə əsasən 21 fevral 2018-ci il tarixindən başlayaraq 29 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, əvvəllər mütəmadi olaraq hər ay aliment pulu ödəmişdir. Halhazırda işsiz və səhhətində problem olduğu üçün aliment borcu yaranmışdır. Ümumilikdə 4458 manat aliment pulu ödəmişdir. Yaranmış aliment borcunu hissə-hissə ödəməyə söz verir. Sonda isə onun tənbeh edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 çıxışında Şəxs barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Umudov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs tələbkar Aybəniz Xankişiyevaya olan borcunun dəqiq hesablanmasın istəyir və ödəməyə hazır olduğunu bildirir. Hazırda 4458 manat ödəniş etmişdir. Pandemiya dövründə iş axtaran kimi qeydiyyatdan keçmiş və dövlətdən 190 manat yardım alır. Bununla belə Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş materiallarla Şəxs neçə ay aliment borcunu ödəməməsini, mövcud borcun məbləğini müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar