Məhkəmə qərarları › İş №3(012)-1628/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1628/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1628/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 01 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 01 saylı Bakı Regional Bölməsi tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən adsız gölün yük maşınları vasitəsi ilə su mühafizə zonasına bərk və qarşıqı suxurlardan ibarət tullantılar gətirməklə gölün akvotariyasının doldururlaraq, süni şəkildə kiçildilməsi işlərinin aparılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 01 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Toğrul Həsənzadə məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən adsız gölün yük maşınları vasitəsi ilə su mühafizə zonasına bərk və qarşıqı suxurlardan ibarət tullantılar gətirməklə gölün akvotariyasının doldururlaraq, süni şəkildə kiçildilməsi işlərinin aparılması faktı müəyyən olunmuşdur. Bunu təsdiq edən araşdırmanın nəticələrini əks etdirən akt və fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 01 saylı Bakı Regional Bölməsi tərəfindən 21 may 2025-ci il tarixli monitorinq aktından görünür ki, 21 may 2025-ci il tarixdə keçirilmiş yoxlama tədbirləri zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının kənara təyinatsız axıdılması faktı müəyyən olunmuşdur;

2. Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 01 saylı Bakı Regional Bölməsi tərəfindən 01 iyul 2025-ci il tarixli monitorinq aktından görünür ki, 21 may 2025-ci il tarixdə aparılan monitorinqlər zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən (koordinatlar: 40°28'36.8"N 49039'37.2"E) adsız gölün (sututarın) yük maşınları vasitəsilə su mühafizə zonasına bərk və qarışıq süxurlardan ibarət tullantılar gətirilməklə gölün akvatoriyasının doldurularaq süni şəkildə kiçildilməsi işlərinin aparıldığı müəyyən olunmuş, tərəfindən xəbərdar olunmasına baxmayaraq aparılan işləri dayandırmamış, həmçinin avtomobilə və özünə dair heç bir sənəd təqdim etməmişdir;

3. İnzibati xəta haqqında 09 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən adsız gölün yük maşınları vasitəsi ilə su mühafizə zonasına bərk və qarşıqı suxurlardan ibarət tullantılar gətirməklə gölün akvotariyasının doldururlaraq, süni şəkildə kiçildilməsi işlərinin aparılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi faktı aşkar edilmişdir.

Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı inzibati xəta haqqında protokol, ona əlavə olunmuş sənədlər və fotoşəkillərlə tam sübuta yetirildiyindən sonuncu fiziki şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin: 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur; 38-ci maddəsinə əsasən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur; 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir; 43-cü maddəsinə əsasən sudan istifadə edənlərin sudan təkrar istifadə etmək; su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək; istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır; 44-cü maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə; su obyektlərindən istifadə müddəti qurtardıqda; hüquqi şəxslər ləğv olunduqda; su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə; su obyektləri ayrıca istifadədən geri alındıqda; sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə; bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə; su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilir. Həmin məcəllənin 62-ci maddəsinə əsasən su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir. 103-cü maddəsinə əsasən qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırılması zamanı Şəxs tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən adsız gölün yük maşınları vasitəsi ilə su mühafizə zonasına bərk və qarşıqı suxurlardan ibarət tullantılar gətirməklə gölün akvotariyasının doldurulması və süni şəkildə kiçildilməsi işlərinin aparılması faktı aşkar edilmiş, sonuncu tərəfindən həmin əməllərin törədilməsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən Şəxs su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq, inzibati xətaya yol verməsi faktı da öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tədbiri tətbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, fiziki şəxsin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.

Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar