Məhkəmə qərarları › İş №3(012)-1630/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1630/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1630/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X1nun, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə tənbeh edilərək 500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin 06 sentyabr 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat cərimə olunmuşdur. Cərimənin tətbiq edilməsinə səbəb Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində yaşayan vəzifəli şəxs X3 evin həyətində qanunsuz heyvan kəsimi ilə məşğul olduğuna görə olmuşdur. O, qəti şəkildə qeyd edilən qərar ilə razı deyil. Bildirmək istəyir ki, Qurban Bayramı münasibəti ilə onun həyətində yığıncaq edərək, o və digər qardaşları öz ailələri üçün qurban kəsmişlər. Onlar dörd qardaş olduğu üçün qurban sayı 4 ədəd idi. Bunu görən Bədrəddin onu vəzifəli şəxs kimi qələmə vermiş və əsassız şəkildə cərimə yazılmasına səbəb olmuşdur. Mövzudan kənar olsa da, Bədrəddin ondan heyvan almış və ona 1000 manat məbləğində borcu qalmışdır. O, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək, ona olan borcunu ödəməmişdir. Ondan pulu tələb etdikdə çox kobud şəkildə qaytaracağını bildirirdi. Lakin illər keçsə də o borcu ödəməkdən yayındı. Buna görə də DİN-nə şikayət ərizəsi ilə müraciət etmişdir. O, vəzifəli şəxs deyil. Himayəsində 1-ci qrup əlil oğlu və azyaşlı övladları var. Elə azyaşlı nəvələrinə görə həyətində yığıncaq etmişdir ki, onların könlü xoş olsun. Özü ahıl yaşındadır. Həyat yoldaşım da İİ qrup əlildir. Oğlu və öz ailəsi yükü onun üzərindədir. Ona görə də həm maddi vəziyyətini, həm də ki, qərarın əsassız olduğunu nəzərə alıb, ona tətbiq edilən 500 manat məbləğində olan cərimə silinməlidir. Ona görə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin rəisi X6 xx.xx.2022-ci il tarixli ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edəsiniz. X1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X10 şikayətin dəlilləri ilə razılaşmayaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin 06 sentyabr 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat cərimə olunmuşdur. Qərarın qəbul olunmasına əsas Abşeron rayon Polis İdarəsi Saray polis bölməsinin MN ******* saylı xx.xx.2022-ci il tarixli protokolu olmuşdur. Protokoldan göründüyü kimi xx.xx.2022-ci il tarixdə Abşeron rayon Saray qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan X2 yaşadığı evin həyətində təxminən 10-15 baş xırdabuynuzlu heyvan kəsməklə baytarlıq haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İlkin məhkəmə iclasında çıxış etmiş Abşeron rayon Polis İdarəsi Saray PB-nin sahə rəisi, polis mayoru X4 protokolla eyni məzmunlu izahat verməklə şikayət ərizəsində qeyd olunan halların yalan olduğunu bildirdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin 06 sentyabr 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat cərimə olunmuşdur. Abşeron rayon Polis İdarəsi Saray polis bölməsinin MN ******* saylı xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayon Saray qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan X2 yaşadığı evin həyətində təxminən 10-15 baş xırdabuynuzlu heyvan kəsməklə baytarlıq haqqında qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarında olan fotoşəkil və video qeyd olunan halları təsdiq edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Baytarlıq haqqında qanunun 19.0.12-ci maddəsinə əsasən heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıqsanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək vəzifəsidir. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsində Abşeron rayonu, Saray qəsəbəsi, Q.Nəbi küçəsi həyətyanı sahədə heyvan kəsimi və ət satışı ilə məşğul olan vəzifəli şəxs X2 baytarlıq tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışına yol verdiyinə görə Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barəsə qərardadla Agentliyin Syumqayıt regional bölməsinə daxil olmuş və 289.0.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında qərar qəbul olunmuşdur. X.Baloğlanov qurban bayramı günündə həyətində özü və qardaşları üçün heyvan kəsimi ilə məşğul olduğunu və satmaq niyyətinin olmadığını iddia etmiş, həmçinin bildirmişdir ki, onun heyvan satışı ilə məşğul olduğu mağazası vardır.Lakin məhkəmə qeyd edir ki, həmin maddə baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Ona görə də məhkəmə şikayət verən şəxsin dəlillərini də əsassız hesab edir və belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmaqla, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməklə qəbul olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 128, 129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar