Məhkəmə qərarları › İş №3(012)-1632/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1632/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1632/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xəta haqqında materialına baxaraq MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Şəxs MMC-nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, tərəflərin etibarnamə üzrə nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər, Şəxs MMC-nin nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılması, AR İXM-nin 452.1-ci maddəsi üzrə cərimə sanksiyasının minimum həddini tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, digər tərəf işə baxılmasının təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il saat 10:00-da plandankənar yoxlama zamanı reseptsiz buraxılması faktı aşkar olunmuşdur. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim olunan ərizədən görünür ki, Şəxs MMC onların barəsində tərtib olunan əməlin törədilməsində özünü təqsirli bilir və barəsində yüngül inzibati təhbeh tədbirinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Analitik X1 Hüquqi Şəxsinin yoxlama aktı forması adlı sənədindən görünür ki, resept əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılmaması barədə tələbə riayət olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, Şəxs MMC hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar