Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1634/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin sədri X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərardan şikayətə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin sədri X3 qərardan şikayət vermiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Abşeron rayonunun Ceyranbatan Bələdiyyəsinin sədri X3 barəsində MN № ******* nömrəli 05 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərarda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə ərazisində formalaşan məişət tullantılarının idarə olunmasının düzgün təşkil olunmaması, qanunvericiliyin tələbi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə pozulması qeyd olunmuşdur. Bununla əlaqədar, X2 İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edirik ki, məişət tullantılarının daşınması Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir və müvafiq normativ hüquqi aktlarda bələdiyyə mülkiyyətində olmayan ərazilərdə istehsalat və məişət tullantılarının yığılması, daşınması və bu sahədə digər xidmətlərin göstərilməsinə dair bələdiyyələrin öhdəlik daşıması barədə hər hansı bir müddə yoxdur. Bununla bağlı, Abşeron rayonunun Ceyranbatan Bələdiyyəsinin sədri X3 barəsində MN № ******* nömrəli 05 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən (sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantılarının yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) barəsində 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar ləğv olunmalıdır. Şikayət verən şəxs Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin sədri X3 eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qərar qanunsuz və əsassızdır, onun heç bir təqsiri yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmədə bildirdi ki, qərar qanuni və əsaslıdır. Belə ki, daxil olmuş şikayətlər əsasında idarə tərəfindən monitorinq aparılmışdər. Monitorinq zamanı Ceyranbatan Bələdiyyəsinin ərazisinə aid olan yerdə məişət tullantılarının qalaqlanması müəyyən edilmişdir. Nəticədə Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin sədri X3 tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında qanunun 47-ci maddəsinin, “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı qərarının 10.5-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə şikayət verən şəxsi və qərarından şikayət verən şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ərazisində formalaşan məişət qalıqlarının idarə olunması Ceyranbatan bələdiyyəsi tərəfindən düzgün təşkil olunmadığından məişət tullantılarının 2 ayrı yerə qalaqlanmasına görə X3 2000 manat cərimə olunmuşdur. İş materiallarında olan qərardan görünür ki, X3 barəsində xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə ərazisində formalaşan məişət tullantılarının idarə olunması Ceyranbatan Bələdiyyəsi tərəfindən düzgün təşkil olunmadığından məişət tullantılarının 2 ayrı yerə qalaqlanmasının müəyyən edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən hadisə tam araşdırılmamış, inzibati xəta törədən şəxsin izahatı alınmamış, tərəfin iştirakı olmadan, hətta həmin ərazinin Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinə aid olub olmamasını araşdırmadan qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, inzibati xəta törədən şəxsin məişət tullantılarının həmin ərazidə qalaqlanması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hətta 05 sentyabr 2022-ci il tarixli qərarın mahiyyəti belə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi tərəfindən törədilmədiyini sübut edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, inzibati qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 05 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1634/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1634/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver