Məhkəmə qərarları › İş №3(012)-1636/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1636/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1636/2024 08.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonunun Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2 (012)-306/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən 4158,61 manat məbləğində pul vəsaiti və 61,6 manat dövlət rüsumunun əvəzi Şəxs tutularaq X3 xeyrinə ödənilməlidir. Uzun müddət keçməsinə məcburi icra tədbirləri həyata keçirilməsinə dəfələrlə borcluya xəbərdarlıq edilməsinə baxmayaraq qərəzli olaraq icra sənədinin icrasını təmin etməmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, o, icra vərəqəsini icra etməkdən boyun qaçırmır, barəsində olan məhkəmə qərarının icraya yönəldiyini 2024-cü ilin may ayında öyrənmiş, həmin vaxtdan hər ay borcdan 50 manat olmaqla cəmi 150 manat ödəniş etmiş, hazırda da 950 manat ödəniş edə bilir, qalan borcu da ödəməkdən yayınmır, həmçinin ifadəsinə onu da əlavə etdi ki, icra şöbəsində özünün tələbkar olduğu beş icra sənədi üzrə ayrı-ayrı şəxslərdən 20.000 manata yaxın vəsait almalıdır. Həmin məbləğlərdən də nə ödənilsə dərhal özünün borclu olduğu şəxsə ödəyəcəkdir. Heç bir yerdə işləmədiyini, həyat yoldaşının fəhlə işlədiyini maddi imkanlarına görə borcu tam ödəyə bilmədiyini qeyd etməklə barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon Məhkəməsinin 2 (012)-306/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən 4158,61 manat məbləğində pul vəsaiti və 61,6 manat dövlət rüsumunun əvəzi Şəxs tutularaq X3 xeyrinə ödənilməlidirxx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu X4 tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icraata başlanılaraq borcluya könüllü icra üçün 10 gün müddət təyin edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən X5 950 manat ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş və icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-306/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə öhdəliyin qərəzli olaraq qəsdən icra edilməməsi sübut olunmur. Belə ki, icra sənədi üzrə icraata başlanılaraq borcluya bildiriş göndərildiyi vaxdan hər ay 50 manat olmaqla cəmi 150 manat inzibati işə baxılan zaman 950 manat ödənilmiş, borclu icra məmurunun çağırışlarına vaxtında gəlməklə icradan yayınmamışdır. O, ifadəsində borcunu ödəməkdən yayınmadığını bildirmiş, bu iş materialları və icra məmurunun ifadəsi ilə təqzib edilməmiş, əksinə sübut olunmuşdur. İnzibati icraat zamanı zəruri icra tədbirlərinin tam həyata keçirilmədiyi müəyyən olunmuşdur. Belə ki, borcluda tələbin qanunla yönəldilə bilinəcəyi əmlak və gəlirlərin olması müəyyən edilməmiş, yaşayış ünvanına baxış keçirilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, qətnamənin icrasını qəsdən təmin etməmə hərəkətlərinin olması sübuta yetirilməmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb edilməli olan maddənin dispozisiyası təqsirin formasına görə yalnız qəsdən törədilə bilən inzibati xətadır. Məhkəmə Şəxs icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi sübut olunmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53,55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar