Məhkəmə qərarları › İş №3(012)-1642/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1642/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1642/2021 22.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil qızının iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan (055 967 97 48) Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 22 oktyabr 2021-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Rich” çay evində qəlyan avadanlıqlarından istifadə etməklə karantin rejimini pozması, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Abşeron Rayonu, Xırdalan şəhərində xidmətdə olan zaman 22 oktyabr 2021-ci il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Rich” çay evinin gecə gec saatlaradək fəaliyyət göstərməsini müəyyən etmişlər. Polis əməkdaşları dərhal həmin yerə yaxınlışıb özlərini təqdim edən zaman orada olan şəxslərin qəlyan avadanlıqlarından istifadə etdiklərini müəyyən etmiş, daha orada olan şəxsləri Abşeron RPİ-nə dəvət etmiş və orada həmin şəxslərdən birinin Şəxs olması müəyyən edilmişdir. Bununla da Şəxs ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Rich” çay evində çay içərkən polis əməkdaşlarının oraya daxil olmuş və orada aralarında qəlyan çəkən şəxslərin də olduğu digər şəxslərlə birlikdə onu da Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Sonda o, əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil qızı hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən qeyd olunan inzibati xəta üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş digər şəxs X3 izahatında göstərdi ki, Şəxs ilə 22 oktyabr 2021-ci il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Rich” çay evində olarkən Şəxs qəlyan çəkməsini görməmiş, lakin sonuncunun çay içərək nərd oynamasının şahidi olmuşdur. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli, AZA 013921 saylı inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs 22 oktyabr 2021-ci il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 12 mart 2020-ci il tarixli qərara əsasən Koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilmişdir Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbil edilmiş 24 sentyabr 2021-ci il tarixli qərara əsasən fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVİD-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar